UNESCO-nun elan etdiyi Beynəlxalq Caz Gününə bir ay qalmış Avstraliyada keçiriləcək möhtəşəm tədbirlərin planı açıqlanıb. SİA təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO-nun baş direktoru Odri Azulay və UNESCO-nun xoşməramlı səfiri Herbi Henkok Melburn Konservatoriyasında keçirilən mərasimdə tədbirlərin 190 ölkəni əhatə edəcəyini bəyan ediblər. Qeyd olunub ki, Beynəlxalq Caz İli çərçivəsində cazmenlərin ifası, tədris proqramları, ictimai xidmət təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulub. Avstraliyada keçirilən tədbirlərin kulminasiya nöqtəsi isə aprelin 30-da Hamer Hall İncəsənət Mərkəzində caz ulduzlarının iştirakı ilə keçiriləcək böyük konsert olacaq. YouTube, Facebook sosial şəbəkələrində və BMT ilə UNESCO-nun saytlarında canlı yayımlanacaq bu caz bayramını bütün dünyada milyonlarla musiqisevər izləyəcək.
Məşhur caz pianoçusu Herbi Henkok (ABŞ) və onun müşayiət edən Cems Morrison (Avstraliya) All-Star Global konsert zalında tamaşaçılara yeni və klassik caz nümunələrini təqdim edəcəklər. Digər caz ustaları – iranlı Cəvaş Arian, almaniyalı Till Brönner, çinli A Bu, rusiyalı İqor Butman, israilli Eli Degibri, yapon Eyijiro Nakaqava, livanlı Tarek Yamani də konsertdə iştirak edəcəklər.
Caz konsertləri “Cazda yeni nəsil” gənclik festivalı ilə davam edəcək. May ayında Kurt Ellinq və Ceyms Morrisonun rəhbərliyi ilə 6 mindən çox musiqiçi universitet tələbəsi üçün ustad dərsləri təşkil olunacaq, cazın tarixi haqqında filmlər göstəriləcək.
Hər il aprelin 30-da qeyd olunan Beynəlxalq Caz İli UNESCO-nun xoşməramlı səfiri Herbi Henkokun təşəbbüsü ilə 2011-ci ildə təşkilatın Baş Konfransında elan edilib və BMT Baş Assambleyası tərəfindən tanınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB