Moskvada Azərbaycan mədəniyyəti maraqla qarşılanır - FOTOLAR

Moskvada Azərbaycan mədəniyyəti maraqla qarşılanır - FOTOLAR

Moskvada “Dünya xalqlarının mətbəxi. Azərbaycan kulinariyası” mövzusunda beynəlxalq forum öz işinə başlayıb. “Vkus Mira Rus” Kulinarlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Moskvanın peşə məktəblərində təhsil alan gənc kulinarlara Azərbaycan mətbəxinin tarixi, ləziz təamları, xörək və şirniyyatlarının bişirilmə qaydaları barədə məlumat verilib. SİA-nın məlumatına görə, Forumun açılış mərasimində çıxış edən Moskva Sahibkarlıq Və İnnovasiya İnkişafı Departamentinin nümayəndəsi, “Texnoqrad” İnnovasiya Təhsil Mərkəzinin rektoru Maksim Kisilyov qeyd edib ki, mətbəx hər bir xalqın mədəniyyətinin mühüm tərkib hissəsidir. Azərbaycan mətbəxi isə hər zaman zənginliyi ilə seçilib və sevilir: “Çox şadam ki, mərkəzimizdə Azərbaycan kulinariyası təqdim olunur. Əminəm ki, digər xalqlar da bu estafeti davam etdirəcəklər”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək ölkəmizin mədəniyyətinin təbliğinə göstərilən diqqətə görə mərkəzə təşəkkürünü bildirib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadə forum çərçivəsində keçdiyi ilk ustad dərsini milli şirniyyatlarımıza həsr edib. Moskva peşə məktəblərinin şagirdləri paxlava, şəkərbura və digər şirniyyatların hazırlanması qaydalarını öyrəniblər.

Forum iştirakçılarına Azərbaycan milli musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Forumun sonunda ustad dərslərinin iştirakçılarına Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə