“Teymur Elçin-95” - TƏDBİR

Bu gün Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi, ictimai-dövlət xadimi Teymur Elçinin anadan olmasının 95 illiyi münasibətilə “Teymur Elçin-95” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr vermiş, zəngin yaradıcılığa malik şair, tərcüməçi, ictimai xadim Teymur Elçinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi, yüksək mənəvi-əxlaqi keyfiyyətlərindən danışıb.

Onun yaradıcılığının əsasını, bədii-estetik məğzini məhz uşaq ədəbiyyatı təşkil etdiyini, uşaq ədəbiyyatının inkişafına xidmətin onun yaradıcılıq prinsipinə çevrildiyini söyləyib. Milli Kitabxananın direktoru çıxışında Teymur Elçinin ictimai xadim kimi də mədəniyyət sahəsindəki böyük xidmətlərindən bəhs edərək ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etdiyini, 1975-1988-ci illərdə Azərbaycan mədəniyyət nazirinin müavini işlədiyini bildirib. Yüksək insani mənəvi keyfiyyətlərə malik Teymur müəllim yüksək vəzifələrində çalışmasına baxmayaraq həmişə insanlara, gənclərə bütün sahələrdə kömək göstərdiyini xüsusi qeyd edib.

Sonda Milli Kitabxananın öz ziyalılığı, insanpərvərliyi və gənclərə qayğıkeşliyi ilə seçilən Teymur Elçinin zəngin ədəbi və ictimai-siyasi xidmətlərinin dövlətimiz yüksək qiymətləndirildiyini, xatirəsinin əbədiləşdirildiyini, ehtiramla anıldığını vurğulanıb. Daha onra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə Teymur Elçinin zəngin yaradıcılığını əks etdirən müxtəlif dillərdə çap olunmuş əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə