"Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır" - MÜNASİBƏT

"Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır" - MÜNASİBƏT

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxış edib. SİA-nın məlumatına görə, Azərbaycanın çox gözəlləşməyindən, inkişafından bəhs edən Xalq artisti əlavə edib ki, biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük: " Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.

Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.

Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır...".

Bütün xəbərlər Facebook səhifəmizdə