"İstəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün"
"Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu". Bu sözləri bu gün mədəniyyət nümayəndələri ilə görüşdə ölkə başçısı İlham Əliyev deyib.
Prezident əlavə edib ki, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi: "Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi. İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB