Göygöldə almanların tarixindən bəhs edən film çəkilir- FOTOSLAYD
Azərbaycan kinofilm studiyası Göygöldə yeni bədii filmin çəkilişlərinə başlayıb. "Qisas almadan ölmə" adlı film 1819-cu ildə Göygöldə məskunlaşan və Yelenendorf adlandırılan qəsəbədə yaşayan almanların həyat tərzindən bəhs edir. Film Mədəniyyət və Turizm Nazirliyinin maliyə dəstəyi ilə çəkilir.
Rayondakı çəkilişlər 1854-cü ildə almanlar tərəfindən inşa edilən və bu günə kimi qorunub saxlanılan Lüteran kilsəsində, həmçinin almanların keçmişdə yaşadıqları evlərdə aparılır.
Flimin rejissoru Oqtay Mirqasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ekran əsəri Azərbaycanda, xüsusən Göygöldə almanların yaşadıqları dövrün tarixi hadisələrindən bəhs edir. Filmdə almanların rayonda firavan həyatı, eyni zamanda Stalin rejiminin onlara qarşı qəddarlığı əks olunub.
Ümumiyyətlə, film "Qisas almadan ölmə" adlandırılsa da ekran əsərində qisas meyilli səhnələrə az yer verilib. Ekran əsəri daha çox Almaniya-Azərbaycan dostluğunun tarixindən, bu dostluğun qorunub saxlanılmasından, digər millətlər kimi almanların da Stalin rejimindən əziyyət çəkməsi üzərində qurulub.
Qeyd edək ki, filmin çəkilişlərində Azərbaycan, alman və gürcü aktyorları ilə yanaşı, 400-ə yaxın yerli sakin iştirak edib. Filmin çəkilişləri Göygöl rayonundan əlavə paytaxt Bakıda, eləcə də Almaniya və Gürcüstanın müxtəlif şəhərlərində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB