Akademik Milli Dram Teatrında yeni heyətin yaradılması üçün təşkil olunan müsabiqə ləğv edilib

Akademik Milli Dram Teatrında yeni heyətin yaradılması üçün təşkil olunan müsabiqə ləğv edilib
Akademik Milli Dram Teatrında yeni heyətin yaradılması üçün təşkil olunan müsabiqə ləğv olunub. SİA-nın məlumatına görə, bu barədə bugünkü mətbuat konfransında teatrın direktoru İsrafil İsrafilov məlumat verib.

"Bu barədə müvafiq qərar dünən qəbul olunub. Mən bu kollektivlə işləməmişəm, ona görə də insafsızlıq və haqsızlıq etmək istəmədim. Kollektiv üzvlərinin potensialını bilmirəm. Qərarımı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də bildirdim o da fikrimi müsbət qarşıladı",- deyə direktor bildirib.

İsrafil İsrafilov yanvarın 17-dən 28-dək Azərbaycan Akademik Milli Dram Teatrının bütün kollektivi və texniki heyəti ilə yenidən müqavilə imzalanacağını vurğulayıb: "Kollektiv üzvləri ilə bir teatr mövsümü üçün müqavilə imzalayacağıq. Mövsüm başa çatdıqdan sonra onların işini dəyərləndirib yenidən müqavilə imzalayacağıq. Müqavilə əsasında mövsüm ərzində teatrın repertuarına daxil edilən tamaşalarda bütün aktyorlar rol alacaqlar. Onların əmək haqları isə qonorar sistemi ilə ödəniləcək. Kollektivdə dəyişiklik yoxdur, əksinə heyət yeni aktyorlar hesabına gücləndiriləcək. Fuad Poladov, Fəxrəddin Manafov, Mehriban Zəki və daha 4 aktyor da Akademik Milli Dram Teatrında səhnələşdiriləcək tamaşalarda rol alacaqlar".

Teatrın direktoru onu da qeyd edib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı martın 10-da - Milli Teatr Günü öz qapılarını tamaşaçıların üzünə açacaq. Teatr rəhbəri həmçinin deyib ki, açılışda nümayiş olunacaq tamaşa hələ ki müəyyənləşməyib: "Teatr kollektivi fevralın 1-dən bir illik müqavilə əsasında fəaliyyətə başlayacaq. Bu müddət ərzində bütün heyət yeni tamaşalar üzərində işləyəcək, teatrın böyük və kiçik səhnələrində yeni tamaşaların məşqləri keçiriləcək".

İ. İsrafilovun sözlərinə görə, əsaslı təmirdən sonra müasir standartlara cavab verən teatrda bütün repertuar dəyişəcək. Artıq köhnə tamaşalar nümayiş olunmayacaq və yeni mövsümdə yeni repertuar siyasəti həyata keçiriləcək: "Biz tamaşaçılar qraşısına tam yeni repertuarla, yeni və müasir tamaşalarla çıxacağıq. Hazırlanması, səhnəyə qoyulması nəzərdə tutulan tamaşalarla yeni repertuar yaradılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə