Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı bu əlamətdar tarixin Azərbaycanın mədəni həyatında layiqincə qeyd olunması məqsədilə silsilə tədbirlər həyata keçirəcək. Bunu SİA-ya Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildiriblər.
Bu yaxınlarda Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şərqin mədəniyyət xəzinəsində görkəmli yer tutan böyük şair, filosof və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Gəncliyə töhfə” musiqi festivalı çərçivəsində konsertlər təşkil olunub. Artıq maraqlı layihələrdən biri olan “Nəsimi dühasına musiqi töhfəsi” müsabiqəsinə start verilib. Bu layihənin iştirakçılarına Nəsiminin qəzəllərinin mətninə vokal bəstələmək təklif olunub.
Müsabiqədə 20 gənc bəstəkar iştirak edir. Onların təklif etdikləri işlərdən ən yaxşı musiqi-instrumental nümunələr seçilərək sonradan keçiriləcək iki konsert axşamının proqramına daxil ediləcək. Lakin bu o demək deyil ki, Nəsimi mövzusu təkcə gəncləri əhatə edəcək. Bəstəkarlar İttifaqı təşkilatın bütün üzvlərinə görkəmli humanist şairin poeziyasına müraciət etməklə bağlı çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB