Səfir “O olmasın, bu olsun”u seyr edib - Tamaşa

Səfir “O olmasın, bu olsun”u seyr edib - Tamaşa

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xanımı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri, səfirliyin əməkdaşları Azərbaycan Dövlət Musiqili Teatrında olublar. SİA-nın məlumatına görə, qonaqlara Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə başçısının sərəncamı ilə burada aparılan yenidənqurma işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə bağlı məlumat verilib.

Daha sonra qonaqlar teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) seyr ediblər. İzlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını söyləyən qonaqlar, belə yüksək səviyyədə hazırlanan tamaşaların təbliğ olunmasının, ümumiyyətlə, teatrı insanların həyat tərzinə çevirməyin vacibliyini vurğulayıblar.

Tamaşanın sonunda səfir Erkan Özoral və nümayəndə heyətinin üzvləri aktyorlarla görüşüb, ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildirib, gül-çiçək dəstələri hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, Novruz Qartal, Şövqi Hüseynov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Atəş Qarayev, Elməddin Dadaşov, Telli Hüseynova, Təranə Əliyeva, Fərid Rzayev, Əli Kərimov, Rüstəm Rüstəmov, azyaşlı aktyorlar Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli və başqaları iştirak edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə