“Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir - Özəl

“Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir - Özəl

Bu gün Azərbaycan Milli Kitabxanasında keçirilən “İmadəddin Nəsimi - 650” adlı tədbir-sərgidə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar Sərəncamını yüksək qiymətləndirib. O, bidirib ki, bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaranıb: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi. Ötən illər ərzində Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub".

Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını da dilə gətirən nazir əlavə etdi ki, 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub: "Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı keçirildi. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin də təbliğinə yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq. Hazırda açılışına toplaşdığımız Nəsiminin əsərlərindən ibarət kitab sərgisi və “Nəsimi - 650” daimi guşəsinin yaradılması bu qəbildən olan ilk tədbirlərdəndir. Burada çoxsaylı maraqlı materiallar toplanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə