Vətən sevgisi, torpağa məhəbbət insan ömrünün hər anını əhatə etməlidir. Bu müqəddəs duyğu vətənpərvər insanları bir an belə tərk etmir.Onların dünəni, bu günü, gələcəyi də bütöv Azərbaycan uğrunda köklənib. Ömrünü müqəddəs torpaqlarımızın düşməndən işğalına həsr edən və bu yolda canından keçməyə hər an hazır olan igid döyüşçülərimizdən biri də Qarabağ qazisi, kəşfiyyatçı İbad Hüseynovdur. Qəhrəmanımızın SİA-ya bildirdiyi fikirləri oxuculara təqdim edirik.
“Mənim ən şirin, ən acı və ən yaddaqalan xatirələrim döyüş yolumla bağlıdır... İnanın ki, haqqımda çəkilən filmlər, "Xüsusi təyinatlı” adlı kitab və yazılan məqalələr döyüş yolumu, başıma gələn hadisələri tam əhatə edə bilməyib. O vaxtlar keçirdiyim hissləri sözlə ifadə edə bilməmişəm.... Mənim 46 yaşım var. Bu illər ərzində müxtəlif hadisələrlə üzləşmişəm. Lakin əminliklə deyə bilərəm ki, həyatımın bütün mənalı, şərəfli və çətin anları döyüş bölgələrində, ömrümü qurban vermək istədiyim torpaqlarımızda keçib. Müharibə ağırdır, əsas odur ki, düşmənlərimizə layiqli cavab verəsən. Mən 10-a qədər terrorçunu məhv etmişəm. Türklərin düşməsi, tanınmış terrorçu Melkonyandan qisasımızı aldığıma görə də qürur duyuram. Onun öldürülməsi mənə tapşırılmışdı. Məni çağırıb dedilər ki, cəbhə xəttinə belə bir terrorçu göndərilib və onun məqsədi Kür çayına kimi torpaqlarımızın işğalını təşkil etməkdir. 13 nəfər döyüşçü ilə birgə əməliyyata başladıq. Əməliyyatın aparılacağı bütün mövqeləri xəritədə müəyyənləşdirdik. İki gün Melkonyanın hara gedib, gəlməyini izlədik. Kəşfiyyat Xocavənd ərazisində gedirdi. Üçüncü gün sərhədi keçib, ermənilərin bazasına getdik. Onlar bunu gözləmirdilər. Kuropatkino ilə Muğanlı arasında bir çay var idi, həmin yolda onun maşını çayda batdı. Heç ağlına gəlməzdi ki, qarşısına azərbaycanlı əsğər çıxa bilər. Məktəbin yanında qarşılaşdıq. Orada terrorcudan qisasımızı aldım. İndi hamı istəyir ki, torpaq qayıtsın. Axı təkcə topraq davası getmir. Bəs, qisas? Biz düşməndən qisasımızı da almalıyıq”, - deyə qəhrəman İbad Hüseynov deyib.
O, əlavə edib ki, qəhrəmanlıq müxtəlif çür olur. İnsan vətəninə bir çox sahələrdə də xidmət edə bilər: “Əsas odur ki, vətənə lazımlı şəxs olasan. Bizlər torpaq üçün canımızı qoymasaq, torpaq da, bayraq da olmaz. Öncə vətənimizi, bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı dalğalandıra bilək. Xalq öz qəhrəmanlarını heç vaxt unutmur. Vətəndaşlar bilməlidir ki, qəhrəmanlar hansı keşməkeşli yollardan keçib, onlara necə qəhrəman adı verilib. Elə anlar olur ki, qəhrəmanların adı, varlığı çətin anlarda əsgərlərə güc verir...”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB