Milli Qəhrəman Viktor Seryoginin xatirəsi yad olunub - Film

Milli Qəhrəman Viktor Seryoginin xatirəsi yad olunub - Film

Bu gün Milli Aviasiya Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə xatirəsinə həsr olunan sənədli film nümayiş olunub. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilib.

Təqdimatdan qabaq akademiyanın prorektoru Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin adından qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən söz açıb: "1944-cü il , martın 23-də Tbilisi şəhərində anadan olan Viktor Seryogin 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 helokopterinə pilot təyin edilib. O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmət göstərib, dəfələrlə ordenlərlə təltif edilib. "Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus döyüş yolu keçib. Dəfələrlə dinc sakinləri xilas edərək təhlükəsiz əraziyə daşıyıb. O, 1992-ci il yanvarın 28-də dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfildən vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak oldu”,- deyə prorektor bildirib.

“Silk Way Helicopter Services” Şirkətinin direktoru Azər Sulatnov bildiirb ki, belə təqdimatların keçirilməsi vətən torpaqları uğurunda canından keçən qəhrəman vətən övladlarının xatirəsinə hörmətin göstəricisidir: “Biz bu gün Viktor Seryoginin döyüş yoldaşları ilə çiyin-çiyinə çalışırıq. V.Seryogin və onun timsalında bütün qəhrəmanlarımızın xatirəsini yad etmək hər zaman vacibdir, borcumuzdur”.

Milli Qəhrəmanının şərəfli döyüş yolundan danışan Mədəniyyət Nazirliyinin rəsmisi Almaz Sultanzadə film haqqında məlumat verib.Qeyd edib ki, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında ekranlaşdırılan “Viktor Seryogin” filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır. Ekran əsərinin çəkilməsində zəhməti olan hər kəsə təşəkkür edən A.Sultanzadə şəhidlərin xatirəsinin dövlətimiz tərəfindən hər zaman uca tutulduğunu qeyd edib.

Milli Qəhrəmanın döyüş yoldaşı Bayram Muxtarov onun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, xatirələrini bölüşüb. Bugünkü tədbirin gənclərin vətənpərvərlik ruhunda böyüməsində, torpağa olan sevgilərinin artmasında müsbət rol oynayacağına əminliyini bildirən B.Muxtarov belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb.

Sonda qonaqlar filmlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə