“Məhəbbət qalası” filmi festivalda nümayiş olunacaq

“Məhəbbət qalası” filmi festivalda nümayiş olunacaq

İran ilə Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığı yeni sənət əsərinin yaranmasına səbəb olub. SİA-nın məlumatına görə, İranın tanınmış kino rejissoru Əmir Sahib Rezavi və tanınmış rejissor İlham Qasımovun lentə aldıqları “Məhəbbət qalası” filmi bu il Tehranda keçiriləcək 37-ci “Fəcr” film festivalında nümayiş olunacaq. İranlı rejissorun sözlərinə görə film mükafata iddialıdır.

Qeyd edək ki, çəkilişlər ötən il ərzində Bakıda və İranın Mişkənşəhər şəhərlərində aparılıb. Azərbaycan və İran sənətçilərinin çəkdiyi film həmişə aktual olan məhəbbət mövzusuna həsr edilib.

Filmin süjet xəttinə görə Bakı hökmdarı Yaqub şahın gözəl bir qızı var. Bu qıza çoxları aşiq olur və onunla ailə qurmaq istəyirlər. Azərbaycana gələn təbrizli bir gənc oğlan da qıza aşiq olaraq onu səmimi qəlbdən sevir. Lakin Dadaş adlı şahzadə də qızı sevdiyi üçün təbrizli gəncə rəqib olur.

Filmdə Azərbaycan və İran aktyorları Rza Naci, Ziya Ağa, Elməddin Cəfərov, Çinarə Məlikzadə, Kəmalə Pirimova və başqaları yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə