"İslam Mədəni İrsi İli" islam həmrəyliyinin güclənməsinə töhfələr verəcək

"İslam Mədəni İrsi İli" islam həmrəyliyinin güclənməsinə töhfələr verəcək

Dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO ilə münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş İSESKO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın Paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması İSESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. Hər hansı şəhərin islam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi- tədqiqat, arxeoloji təhsil mərkəzlərinə malik olmalıdır. Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir. Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah var. Müstəqillik illərində yeni məscidlər tikilib. Reallaşdırılan yeni layihələr nəticəsində, Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə islam aləminə təqdim olundu.

Əlbəttə ki, bu, Azərbaycanın dinamik inkişafının təzahürüdür. İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycrinin vurğuladığı kimi, "Azərbaycan İSESCO-ya daxil olduğu vaxtdan bu yana böyük inkişaf yolu keçib. Biz əlaqələrimizin hazırkı səviyyəsindən məmnunuq. Azərbaycan müasir müsəlman aləminin mirvarisidir. Bu ölkənin getdiyi yol sabitlik və inkişaf yoludur. Biz Azərbaycandan çox şeylər götürə bilərik".

AZƏRBAYCAN MÜSƏLMAN DÜNYASININ ÜZLƏŞDİYİ CARİ PROBLEMLƏRİN HƏLLİNDƏ FƏAL İŞTİRAKÇIDIR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini, xüsusilə, qeyd etməliyik. Təşkilatla əlaqələr respublikamızın Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər qeyd olunmalıdır. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, "Dünya dini liderlərinin Bakı sammiti", Ümumdünya mədəniyyətlərarası dialoq forumu" və s. tədbirləri qeyd edə bilərik. İSESKO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Müasir ərəb ədəbiyyatının korifeyləri" əsəri və "Ərəb hərfləri ilə Azərbaycan yazısı" kitabının ərəb dilində çap edilməsi bu münasibətlərin daha bir göstəricisidir.

Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində İslam Əməkdaşlıq Təşkilatının Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etdiyini bildirib. Belə ki, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı

qətnamələr qəbul edilib. İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Belə ki, bu məsələ hər zaman təşkilat tərəfindən istər qətnamələrdə, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində yer alır.

"DƏYƏRLƏRİMİZİ TƏŞVİQ ETMƏK VƏ KEÇMİŞİMİZİ, BU GÜNÜMÜZÜ VƏ GƏLƏCƏKLƏ BAĞLI PLANLARIMIZI DÜZGÜN ŞƏKİLDƏ ÇATDIRMAQ ÜÇÜN DAHA FƏAL OLMALIYIQ"

Bu gün islam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. "Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk" - deyən Cənab Prezident IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini birliyin nümayiş olduğunu vurğulayıb.

Müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq, formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".

Bu gün İSESKO 2019-cu ili "İslam Mədəni İrsi İli" elan edib. İSESKO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. "İslam Mədəni İrsi İli" çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, islam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. İSESKO, həmçinin, bir çox maddi və qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsi təklifini irəli sürüb. İl ərzində sözügedən mövzuya həsr olunan "Açıq qapı" günləri keçiriləcək. İSESKO ekstremistlərin, sektant və terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə də məşğul olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə