Rəssamlar İttifaqında müəlliflər mükafatlandırılıb

Rəssamlar İttifaqında müəlliflər mükafatlandırılıb

Azərbaycan Rəssamlar İttifaqında (ARİ) ötən ilin ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, İittifaqın Vəcihə Səmədova adına sərgi salonunda 2018-ci ilin ən yaxşı əsərinə iddiaçı müəlliflərin, ümumilikdə 100-dən çox işi nümayiş olunub.

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov ənənəvi müsabiqə barədə məlumat verərək bildirib ki, müsabiqə heykəltəraşlıq, rəngkarlıq, qrafika, tətbiqi sənət və sənətşünaslıq üzrə keçirilib. Tanınmış rəssamların qatıldığı müsabiqənin qaliblərini təbrik edən Fərhad Xəlilov ötən ilin yekunları ilə bağlı da fikirlərini bölüşüb: "Rəssamlar İttifaqı yola saldığımız ildə də müxtəlif mövzulu rəsm və foto sərgilərinin təşkilatçısı və keçirildiyi məkan olub. Ötən il ittifaqın Vəcihə Səmədova adına sərgi salonunda 11 fərdi, 9 ümumi olmaqla 20 sərgi açılıb. Sənət ocağı 10 foto və 31 rəsm sərgisinə ev sahibliyi edib. Ötən il ARİ-nin Naxçıvan, Gəncə və Şəki regional qurumları da yaradıcı fəaliyyətə töhfələrini veriblər".

Sonra 2018-ciilin ən yaxşı əsərinin müəllifləri mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, ən yaxşı rəngkarlıq əsərinə görə Əlisəfa Əsgərov, heykəltəraşlıq əsərinə görə Xanlar Əhmədov, qrafika əsərinə görə Rövşən Məmmədov, dekorativ-tətbiqi sənət nümunəsinə görə Mehdi Nağıyev təltif olunub. Həmçinin, sənətşünaslardan Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Ofeliya Mirzəzadə, Mirzə Talıbov və Samir Sadıqova diplom və mükafatlara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə