Mənsum İbrahimov: “Muğam televizya müsabiqəsini keçirməkdə məqsədimiz istedadlı gəncləri aşkara çıxarmaqdır”- AÇIQLAMA

Mənsum İbrahimov: “Muğam televizya müsabiqəsini keçirməkdə məqsədimiz istedadlı gəncləri aşkara çıxarmaqdır”- AÇIQLAMA
Artıq 3-cü dəfədir ki, keçirilən Muğam televiziya müsabiqəsinə yenidən start verilib. Bu barədə SİA-ya açıqlamasında müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov bildirib.

Onun sözlərinə görə, seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılıb: "Dünən isə seçim mərhələsi başa çatdı və qalibiyyət uğrunda yarışacaq 20 iştirakçı müəyyənləşib. Əvvəl olduğu kimi, bu dəfə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq. Bu dəfə də seçimlər tam şəffaflıqla keçəcək. Layiqli iştirakçı layiqli yerini tutacaq. Bu müsabiqəyə də olduqca istedadlı gənclər qatılıb. Hər zaman olduğu kimi yaxşıların yaxşısını bu müsabiqəyə seçmişik".

"Yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb və 20-lik müəyyənləşib. Üçüncü dəfədir keçirilən müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir",- deyə M. İbrahimov bildirib.

M.İbrahimov onu da qeyd edib ki, bu müsabiqədə çalışmışıq ki, yaxşıları seçək. Bu müsabiqədə mənim dərs dediyim şagirdlərlə yanaşı, digər istedadlı gənclər də var. Müsabiqənin yenidən keçirilməsi sevindirici haldır: "Eyni zamanda təşkil olunan bu müsabiqə gənclərin sənətə gəlməsi üçün yaxşı bir şərait və təkandır. Ümid edirəm ki, yeni bir ifaçı və istedadı olan birini aşkara çıxaracağıq. İnanıram ki, nəticələr yenə də ürəkaçan olacaq".

Münsif üzvü vurğulayıb ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq.

Məlumat üçün bildirək ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.

Qeyd edək ki, müsabiqə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə