“Mənim ağ göyərçinim” yeni versiyada nümayiş olunub

“Mənim ağ göyərçinim” yeni versiyada nümayiş olunub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mənim ağ göyərçinim" tamaşasının premyerası keçirilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın yeni səhnə versiyasının müəllifi və quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır.

Tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze olan tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzəağa Mirzəyevdir.

20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunan tamaşada sənədli kino-xronika materiallarından, müasir səhnə texnologiyasından ustalıqla istifadə edilib. Əsas rolları əməkdar artist Rafiq Hüseynov, Rahib Əliyev (məktəb müdiri), aktyorlar İlqarə Tosova (Turan (yaşlı)), Günel Məmmədova (Turan), Mirzəağa Mirzəyev (Aqil), Eşqin Quliyev (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen) və başqaları ifa ediblər.

Aktyor ifası, səhnə tərtibatı, dekorlar, səs effektləri, geyimlər və ümumilikdə hər bir detal səhnə əsərinin uğurlu qarşılanmasına təkan verərək sənətsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə