Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi- SORĞU

Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi- SORĞU
Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi hansılardır? Onlar qarşıdan gələn yeni ili harada qarşılayacaqlar? SİA bu suallarla mədəniyyət sahəsində çalışan insanlara müraciət edib.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov

- Mənim üçün bu il mədəniyyət sahəsində olan yeniliklər həm fərəhli, həm də kədərli olaraq yadda qaldı. Bu il nəhayət ki, öz sevdiyim işə sahib oldum. Belə ki, teatra qayıtmağım mənim sevincim oldu. Bu mənim üçün 2010-cu ilin ən fərəhli hadisəsidir. Bununla yanaşı, bu ilin digər ən böyük mədəniyyət hadisəsi o oldu ki, Akademik Milli Dram teatrının binası uzun illik fasilədən sonra istismara verildi. Bundan başqa, bu gün teatrın qarşısında duran əsas məqsədlər və bizim bu teatrın gələcəyi üçün görəcəyimiz işlərin böyük perspektivləri müəyyən olunub. Bunu da 2010-cu ilin mədəniyyət hadisəsi hesab etmək olar. Bütün bunların bəhrəsini tək biz yox, eləcə də teatrsevərlər gələn ildə görəcək. Hər il olduğu kimi bu ili də Bakıda qeyd edəcəyəm. Çünki mən Bakısız yaşaya bilmərəm.

Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, xalq artisti Azərpaşa Nemətov

- Teatr sahəsində çalışan birisi olaraq deyə bilərəm ki, Bakıda ilk olaraq Beynəlxalq Teatr konfransının keçirilməsi ən böyük mədəniyyət hadisəsidir. Bu konfransa 30-dan çox ölkənin nümayəndələri qatılmışdı. Azərbaycanda bu konfrans çox möhtəşəm keçdi. İkinci böyük mədəniyyət hadisəsi isə Bakıda Çexov festivalının keçirilməsi idi. Bunu da mədəniyyət sahəsində böyük hadisə hesab edirəm. Hətta konfransa gələn insanların bəziləri Çexov festivalına gələ bilmədikləri üçün çox təəssüf hissi keçirirdilər. Təbii ki, bütün bu olanlar bizi sevindirir. Teatr sahəsinə olan diqqətin Prezident İlham Əliyevin təşəbbüsündən irəli gəlir. Gələn il də belə proqramlar davam edəcək. Bu proqramlar çərçivəsində daha geniş tədbirlərin olmasını güman edirəm. Çünki, hazırda Azərbaycanı bütün dünya tanıyır. Xarici ölkələrdə Azərbaycanı güclü mədəniyyəti olan bir ölkə kimi tanıyırlar. Onlar bizim bugünki mədəniyyətimizin bütün hadisələrini ardıcıl şəkildə izləyirlər. Hesab edirəm ki, bütün bunlar bizim üçün çox önəmlidir. Bir daha qarşıdan gələn Həmrəylik Günü münasbiəti ilə xalqımızı təbrik edirəm. Heç vaxt yeni ili ölkədən kənarda qeyd etməmişəm. Həmişə olduğu kimi bu ili də evimdə, ailəmlə birlikdə keçirməyi düşünürəm.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov

- Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi teatrların bəzilərinin əsaslı şəkildə təmir olunmasıdır. Bu əsaslı təmirdən sonra da ən əsası odur ki, maaşlarımız az da olsa artırıldı. Bu mənim üçün ən önəmli hadisədir. Bu il ərzində Gənc Tamaşaçılar Teatrında bir çox yeni tamaşalar səhnəyə qoyulub. Bu ilin ən uğurlu tamaşasını "Oliver Tvistin macəraları"nı hesab edirəm. Bu il hazırlanan tamaşalar içərisində haqqında hələ də danışılan səhnə əsəri odur. Bunu ona görə demirəm ki, bu tamaşada mən rejissor asistentiyəm. Sadəcə bunu insanların arasında gedən söz- söhbətlərə əsaslanıb deyirəm. İnanıram ki, bu ilin uğurları gələn ilin uğurlarından nisbətən az olacaq. Çünki, gələn il bundan da möhtəşəm uğurlar olacaq ki, bu haqda sonra fərəhli danışacağıq. Keçən ildəkindən fərqli olaraq bu yeni ili teatrda qarşılayacam. Hazırda da uşaqlar üçün təşkil olunan tamaşalara hazırlıq işləri gedir. Yeni il tamaşasından qabaq foyedə uşaqları lazımi səviyyədə əyləndirməyi fikirləşirik. Onu da qeyd edim ki, Azərbaycanda olan teatrların içərisində ən baxımlı və maraqlı yeni il şənliyi məhz Gənc Tamaşaçılar Teatrında keçirilir. Bunun bariz nümunəsidir ki, hazırda həmin tamaşa üçün biletləri tapa bilmirik. Ancaq müəyyən kassalardan tapa bilirik ki, o da xüsusi tapşırıqla.

Əməkdar artist, Prezident təqaüdçüsü Lətifə Əliyeva

- Bu ilin mədəniyyət hadisəsi kimi Bakıda ilk olaraq təşkil olunan Beynəlxalq Teatr Konfransını və Qəbələdə keçirilən Musiqi festivalının təşkil olunmasını qiymətləndirirəm. Bu mənim üçün çox önəmli bir mədəniyyət hadisə idi. Bununla yanaşı, Akademik Milli Dram Teatrının əsaslı təmirdən sonra bu il istifadəyə verilməsini də çox önəmli hadisədir. Bu il bir sıra mədəniyyət xadimlərinə adların verilməsi də yadda qalandır. Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək qiymətləndirilməlidir.

Bəzi müəyyən səbəblərə görə bu yeni ili öz evində keçirməyi düşünürəm. Oğlum Qarabağ müharibəsində iştirak etdiyindən səhhətində bir az problem var. Daima onun yanında olmalıyam. Mən onu evdə tək qoyub harasa istirahətə gedə bilmərəm. Baxmayaraq ki, onun öz ailəsi var, ancaq buna rəğmən onun səhhəti üçün onun yanında olmağım olduqca vacibdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və quruluşçu rejissoru Nicat Kazımov

- Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi Bakıda ilk dəfə təşkil olunan Beynəlxalq Teatr Konfransı olub. Həmin konfransa bütün xarici dövlətlərdən tanınmış teatr xadimlərinin gəlməsi müsbət hal idi. Çünki, bu konfrans nəticəsində müxtəlif ölkələrin teatr işçiləri ilə əlaqələr qurduq. Bunun özü də çox önəmli məsələdir. Həmin konfransda ən azından 2-3 lazımlı söz eşitdiksə, bunun özü böyük hadiəsdir.

Bu il də yeni ili iş başında olacağam. Hər zaman olduğu kimi bütün gecəni səhərə qədər şou proqram aparacam.

Azərbaycan Dövlət Musiqili Komediy Teatrının aktyoru Çingiz Əhmədov

- Bu ilin ən yadda qalan mədəniyyət hadisəsi olaraq Bakıda Azərbaycan Akademik Milli Dram Teatrında Beynəlxalq Teatr konfransının keçirilməsidir. Həmin konfransda bir çox xarici ölkənin tanınmış teatr xadimlərinin iştirak etməsi təqdirə layiq hal idi. Bu hadisə bizim mədəniyyətimizdə bir bayram kimi idi. Bu forumun ilk dəfə Azərbaycanda keçirilməsi biz incəsənət xadimlərinin bayramı olub. Bildiyimiz kimi bu konfransda dünyanın 35-ə yaxın ölkəsi təmsil olunurdu. Həmin konfransda bütün teatrların iş problemləri və bir sıra vacib məsələlər müzakirə olundu. Bununla yanaşı, bizim Musiqili Komediya Teatrında bir çox yeni tamaşalar səhnəyə qoyuldu. Yeni il axşamı onu məni bir əyləncə məkanına dəvət ediblər. Ancaq yenə də gecəni ailəsi ilə birgə keçirəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə