Rasim Balayev: “Yeni çəkilən yerli filmlərə tamaşaçı maraq göstərmir”- MÜSAHİBƏ

Rasim Balayev: “Yeni çəkilən yerli filmlərə tamaşaçı maraq göstərmir”- MÜSAHİBƏ
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayevin SİA-ya müsahibəsi:

- Rasim müəllim, hazırda Azərbaycanda kinematoqrafiya sahəsində vəziyyət necədir?

- Məlum səbəblərə görə ötən əsrin 90-cı illərindən sonra, bir müddət, hətta 5 il Azərbaycanda demək olar ki, film çəkilmədi. Şükürlər olsun ki, bu gün yeni filmlərin çəkilməsi, film sektorunun inkişafı üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Lakin buna baxmayaraq başqa problemlərimiz də var. Filmlər çəkilir. Onların içərisində səviyyəli olanı da, tamaşaçıları cəlb etməyəni də var. Son illərdə çəkilən 20-ə yaxın film var ki, çox təəssüf ki, onların heç birini tamaşaçı izləməyib. Bunun səbəbi isə bizdə kinoprokatın olmamasıdır. Hazırda bir çox kinoteatrın vəziyyəti elə də ürəkaçan deyil. Bəzilərini isə söküb, yerində ev və ya ticarət obyekti inşa ediblər. Hazırda o qədər az kinoteatrlarımız qalıb ki, onları ancaq barmaqla saymaq olar. Paytaxtda fəaliyyət göstərən "Nizami" kinoteatrı hazırda təmirdədir. "Azərbaycan" kinoteatrında isə demək olar ki, xarici filmlər nümayiş etdirilir. Orada çox təsadüfi hallarda Azərbaycan filmləri göstərilir. Yeni çəkilən yerli filmlərə isə tamaşaçı maraq göstərmir. Və burdan da belə çıxır ki, biz filmləri özümüz üçün çəkirik. Çox təəssüf ki, real vəziyyət budur.

- Bir aktyor və illərini bu sənətə həsr edən insan kimi problemin həllini nədə görürsünüz?

- Bu problemin həlli məndən asılı deyil. Dövlət səviyyəsində həll olunmalıdır. Çəkilən filmlər insanlara göstərilməlidir. Hərdən yeni çəkilən filmlərimizin Heydər Əliyev Sarayında premyerası olur və ya Kino İttifaqının 100 nəfərlik zalında nümayiş etdirilir. İki məkanda göstərilməklə məsələ həll olunmur. Bir çox xarici ölkələrdə olarkən oradakı insanların kinoteatrlara böyük marağının şahidi olmuşam. Təbii ki, bizdə bir sıra problemlər mövcuddur. İnsanlar artıq evlərində bir çox film izləmək imkanı əldə ediblər. Əvvəllər də bu cür imkanlar mövcud olub, ancaq kinoteatrda isə filmi seyr edəndə onun təsiri, keyfiyyəti tamam başqa olur. Bütün bunlar üçün lazımi şərait yaratmaq lazımdır, müasir tələblərə cavab verən kinoteatrlar inşa olunmalıdır.

- Bu problemlərin aradan qaldırılması üçün hansısa təkliflər irəli sürmüsünüzmü?

- Dəfələrlə olub ki, təkliflər etmişəm, ancaq sözümə baxan olmayıb. Bir dəfə təklif etdim ki, əgər bizim filmlərimizi çəkib və heç kimə göstərmiriksə, o zaman filmlərə xərclədiyimiz maliyyə vəsaiti ilə teleseriallar çəkək. Yenidən tamaşaçının diqqətini qazanana qədər. Böyük ekran üçün çəkilən filmə xərclənən məbləğə 15-17 hissəli televiziya filmi çəkmək mümkündür. Çünki televiziyada çox şey ucuz başa gəlir. Ancaq mənim səsimə səs verən olmadı. Hesab edirəm ki, müvəqqəti olaraq belə işləmək lazımdır. Bizim istehsal etdiyimiz məhsulu, filmi insanlar gərək vaxtında görsünlər. Bir teleserialda bir neçə rejissor və çoxlu sayda aktyor çalışa bilər. Kino çəkənlər təkcə öz filmlərini düşünməməlidir. Onlar gələcək nəsilləri də nəzərə almalıdırlar. Əgər gənclərimiz bu sahəyə yetərincə cəlb olunmurlarsa o zaman necə olacaq? Düşünürəm ki, seriallar çəkməklə bəzi problemləri həll etmək olar. Hesab edirəm ki, 4-5 ildən sonra tamaşaçıların kinoteatrlara marağı arta bilər.

- Sizin təklifiniz qardaş ölkədə 10-15 il bundan əvvəl tətbiq olunmağa başlayıb. Türkiyədə seriallardan sonra kinoteatrlara böyük axını başladı...

- Əlbəttə, seriallardan sonra insanların kinoteatrlara marağı daha da arta bilər. Serialların aktyorları daha məşhur olur, onların fanatları çoxalır. Hətta bu yaxınlarda televiziya kanallarının birində nümayiş etdirilən "Yusif Peyğəmbər" serialına Azərbaycandakı gənclər çox maraq göstərirdilər. Bizdə də belə keyfiyyətli seriallar çəkilsə təbii ki, insanların diqqətini cəlb etmək olar. Həmin serillarda iştirak edəcək cavanlar özlərinə çoxlu pərəstişkar qazanar və gələcəkdə də böyük bir filmə çəkiləndə çoxları həmin filmə maraq göstərər. Çox heyf ki, bizim telekanallarımız insanların zövqünü korlayıblar. Artıq insanlarımız ciddi filmlərə baxmaq istəmirlər. Əlbəttə, komediya janrında çəkilən filmlərə də baxmaq lazımdır. Baxsınlar, ancaq ət tökən komediyalara yox. İnsanların zövqlərini korlamasınlar.

- Hazırda bizim teleməkanda az da olsa komediya və digər janrlarda seriallar çəkilir. Sizin bunlara münasibətiniz necədir?

- Bütün bunların hamısı anti-sənətdir. Həmin seriallar tamaşaçını özünə cəlb edə bilmir. Həmin seriallarda çəkilən aktyorlarda peşəkarlıq, ustalıq yoxdursa, dramaturgiyadan əsər-əlamət görünmürsə, rejissor bu sənətdən xəbərsizdirsə, həmin seriallar necə uğur qazana bilər?

- Aktyorlardan söz dümüşkən, son vaxtlar belə fikirlər səslənir ki, Mədəniyyət və İncəsənət Universiteti artıq peşəkar aktyor yetişdirə bilmir.

- Bu sözü deyəndə bəzi insanların xoşuna gəlmir. Hesab edirəm ki, bu sənətə gələnlərin seçimində biz uduzuruq. Aktyor sənətinə gələn insanların ilk növbədə istedadını yoxlayıb üzə çıxarmaq lazımdır. Mən bir neçə dəfə qəbul imtahanlarında olmuşam. Aktyorluğa nisbətən yararlı 5-6 nəfər seçə bilmişik. Ancaq sonra eşitmişəm ki, həmin gənclər test imtahanlarından kəsilib. Bildiyimiz kimi, qabiliyyət imtahanlarında aktyor sənəti, səhnə danışığı və musiqi duyumu əsas götürülür. Bu seçimlərdə biz uduza-uduza gedirik. Aktyor sənəti üçün istedad vacibdir. Biz aktyor seçimində uduzuruq. Misal olaraq, bizim təhsil aldığımız dövrdə aktyorluq şöbəsinə üzgörənlik, tanışlıq deyə bir şey yox idi. Tanışlıq vasitəsilə düzəlsən belə, həmin kəslər gəlib sənin yerinə rol oynaya biləcəklər? Buna görə də bu məsələ haqqında aidiyyəti qurumlar düşünməlidir ki, sənətə lazım olan adamları başqa cür seçmək lazımdır. Bunun da öz yolları var. Əgər belə seçimlərlə davam eləsələr hər şey olduğu kimi də qalacaq. Təsadüfi adamlar bu sənətə gələcəklər, onlarda ürəksiz olaraq bu sahədə çalışacaqlar. Aktyoru test imtahanı ilə seçməzlər.

- Aktyorluq sənətinin hansı tələbləri var?

- İlk olaraq fitri istedad lazımdır. İkincisi, zəhmətkeş olmalısan, üçüncüsü isə bəxt amili böyük rol oynayır. Bunların üçü bir arada olarsa, o sənət adamı parlayır. Bu tələblərin biri olmasa nəsə əskiklik olacaq. Bütün bu şərtlər bir-birini tamamlamalıdır.

- Nəsimi obrazı sizin kinoda ilk rolunuz olub və sizə böyük şöhrət gətirib. Maraqlıdır ki, Rasim Balayev indiki zamanda Nəsimi rolunda kimi görür?

- İndiki aktyorların çoxusunu mən tanımıram. Gərək mən onları kinoda və ya səhnədə görüm. Bəlkə də var, ancaq mən bilmirəm.

- Nəsimi, Hüsayn Cavid kimi dahi şairlərin obrazını yaradan Rasim Balayev özü şeir yazırmı?

- Yox. Baxmayaraq ki, kinoda şeir deyirdim, ancaq həyatda şair deyiləm.

- Bu ilin demək olar ki, ən bahalı layihəsi olan Rüstəm İbrahimbəyovun "Kabusun gözüylə" filmi bir çoxları tərəfindən tənqid edildi, sizin filmə münasibətiniz necədir?

- Həmin filmin təqdimatına gəlmişdim, ancaq bəzi səbəblərə görə tez getməli oldum. Ancaq sonradan mən də eşitdim ki, çoxları həmin filmi bəyənməyiblər. Təbiidir ki, zövq məsələsi də əsas amillərdən biridir.

- İndiki zamanda problemlərdən biridə rejissor aktyor arasında yaşanan narazılıqlardır. Sizcə, buna səbəb rejissorun çox tələbkar olması, yoxsa aktyorun öz işinə məsuliyyətsiz yanaşmasıdır?

- Əgər rejissorla aktyor münasibəti, mübahisəsi yaradıcılığa qulluq edirsə, deməli, problem olmamalıdır. Hər şey işin xatirinədirsə, deməli, mübahisə də üst-üstə düşməyən fikirlər də ola bilər. Lakin hər hansı narazılıqlar ucuz bir şeyin üstünsə olursa, bu artıq boş şeydir. Əgər hər şey yaradıcılıq xatirinədirsə dözmək lazımdır.

- Azərbaycanda kino sektorunun inkişafı üçün nə qədər vaxt lazımdır?

- Hazırda kinoya 30 il bundan əvvəlki maraq yoxdur. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq var. Yenə də deyirəm ki, hər şey seçimin düzgün aparılmamasından başlayır. Kinomuzu inkişaf etdirmək üçün kompleks tədbirlər görmək lazımdır. Kinomuzun inkişafına mane olan çoxlu səbəblər var. Çox təəssüf ki, tək bir nəfər onu həll edə bilməz. Bu problemin həlli dövlət səviyyəsində olmalıdır.

- Əvvəllər aktyorlar demək olar ki, oynadığı filmlərə görə yadda qalırdılar, ancaq indiki aktyorlar yadda qalmır. Bunun səbəbi nədədir?

- Yenə də deyirəm ki bunun öz səbəbləri var. Seçim düzgün olmalıdır ki, sonda uğurlu nəticə əldə edə biləsən. Mən bu gün kino və tearda olub, yalnız bu sənətə olan eşqi və istəyi olan çox az gənc görürəm. İndiki gənclər ancaq onu istəyirlər ki, universiteti bitirən kimi son model maşını, təzə tikilən binalarda evi olsun. Sənət haqqında fikirləşən yoxdur. Bunlar hamısı isə birdən olan şey deyil. Bunun üçün işləmək lazımdır. Tamaşaçının sevimlisi ola bilərsən, ancaq o sevgini qoruyub saxlamaq daha çətin məsələdir.

- Sizi hər zaman ciddi obrazlarda izləmişik, maraqlıdır ki, niyə komik obrazlarda çəkilməmisiniz?

- Hər zaman istəmişəm ki, tragikomik rolda çəkilim. Ancaq heç bir rejissor məni bu rolda görmür. Heç kəsə sübut edə bilmirəm ki, mən bunu bacararam. Bütün müsahibələrimdə demişəm ki, psixoloji və tragikomik bir rol oynamaq istəyərəm. Ancaq hələ ki, belə bir obraz yoxdur.

- Babək, Nəsimi, Hüseyn Caviddən sonra, kinoda canlandırmaq istədiyiniz hansısa tarixi obraz varmı?

- Bir ara tarixi şəxsiyyətlərimizdən olan Şah İsmayıl Xətai barəsində film çəkilməsi haqqında söhbətlər getdi, ancaq sonra alınmadı. Əgər hər hansı bir tarixi filmin ssenarisi yazılsa və mən onu oxuyub görsəm ki, həmin filmdə mən lazımam, o zaman çəkilərəm.

- Elə bir film olub ki, orada bəyənmədiyiniz obraza çəkiləsiniz?

- Bir filmdə cavan rejissor məndən orada oynamağımı xahiş etmişdi. Mən də fikirləşdim ki, yəqin istedadlı bir gəncdir. Ancaq işin ortasında gördüm ki, bundan bir şey çıxmayacaq, işi də yarımçıq qoya bilmədim. Amma sonradan peşman oldum. Hər zaman filmlərə çəkiləndə rejissorlara inanmışam. İnanmayanda heç də yaxşı olmur.

- Çəkildiyiniz filmlərdən istədiyiniz qonararı almısınız?

- Biz sahəmizdə o qədər də çox məbləğ olmayıb. "Nəsimi" filmi üçün çox gülməli məbləğ ( 1600 manat) almışdım. "Babək" filminə görə isə 4000 manat pul almışdım. Ancaq xarici aktyorlara belə rollara görə 5-10 milyon dollar verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə