Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2 ildir ki, özfəaliyyət kollektivləri arasında "Ötən illərin mahnıları" devizi altında Azərbaycanın peşəkar bəstəkarlarının mahnılarından ibarət musiqi festivalı keçirir.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, festivalı keçirməkdə əsas məqsəd istedadları seçib üzə çıxarmaq, onlara düzgün istiqamət vermək, korifey bəstəkarların musiqi irsini qoruyub saxlamaqdır.

Festivalda yalnız gənclər deyil, həm də yaşlı nəslin nümayəndələri iştirak ediblər. 3 mərhələdən ibarət olan festivalda Həmkarlar İttifaqları Respublika Komitələrinin 16 yaşdan yuxarı təmsilçiləri, ali və orta ixtisas məktəblərinin tələbələri, klub müəssisələrinin özfəaliyyət kollektivləri öz istedadlarını nümayiş etdiriblər.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyətinə Bəstəkarlar İttifaqının katibləri, xalq artisti Ramiz Zöhrabov və əməkdar incəsənət xadimi Eldar Mansurov, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, Akademiyanın dosenti Elnarə Dadaşova, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova və AHİK-in mütəxəssisi Xoşqədəm Bağırova daxil idilər.

Müsabiqədə I уегə Şamaxı təhsil işçiləri evindən Vəfa Rəsulova, II уегə Bakı Dövlət Universitetinin tələbəsi Yunis Kərimov və Mərdəkan mədəniyyət sarayının solisti Məmməd Nəcəfov, III уегə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Musa Zeynalov, Dəmiryolçuların N.Nemətov adına mədəniyyət evinin üzvləri İlham Quliyev və Nərgiz Bayramova layiq görülüblər.

I yerin qalibi 400 manat, II yerin qalibləri ( 2 nəfər) hər biri 250 manat, III yerin qalibləri isə (3 nəfər) hər biri 200 manat pul mükafatları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Bəstəkarlar İttifaqının diplomları ilə təltif olunublar. Eyni zamanda müxtəlif nominasiyalar üzrə fərqlənən 5 ifaçıya 150 manat pul mükafatı və diplomlar təqdim edilib.

Dünya azərbaycanlılarının həmrəylik gününə həsr edilmiş yekun konserti və qaliblərin təltifolunma mərasimi dekabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib. Mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili S. Mehbalıyev iştirak və çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə