Əbülfəs Qarayev: “Əgər Katya Lel etiraf edibsə ki, mənim xəbərim olmadan aparıblar, o zaman onu niyə də bağışlamayaq?” - AÇIQLAMA

"Ermənilər çox maraqlı bir siyasət həyata keçirirlər. Onlar tanınmış mədəniyyət xadimlərini xəbərsiz olaraq Qarabağa aparırlar, sonra da bəyan edirlər ki, özləri gəlib ifa ediblər". SİA-nın məlumatına görə, bu sözləri yanvarın 30-da Katya Lelin Bakıda verəcəyi konsertlə bağlı Əbülfəs Qarayev açıqlamasında deyib.

Nazir qeyd edib ki, Katya Lel oraya gedəndə vəziyyətin belə olduğunu bildikdə qəti şəkildə etirazını bildirib: "O, hətta Azərbaycan dövlətindən üzr istədi. K.Lel bəyan etdi ki, mən Azərbaycanı sevən birisiyəm. Ermənilər bizi bu cür tanınmış mədəniyyət xadimlərindən məhrum etmək istəyirlər. Əgər Katya Lel etiraf edibsə ki, mənim xəbərim olmadan aparıblar, o zaman onu niyə də bağışlamayaq? Ancaq kim ki, bilərəkdən bunu edirsə o zaman vəziyyət heç də ürəkaçan olmayacaq. Əgər həmin insan erməilərin fikirləri ilə razılaşırsa, onları nəinki Azərbaycan səhnəsində, hətta sərhədinə belə buraxmaq lazım deyil. Hesab edirəm ki, Katya Lel bu konsert vasitəsi ilə azərbaycanlılar qarşısında üzr istəyib özünü bağışlatsın, o zaman ona bütün imkanları yaratmalıyıq".

Ə.Qarayev onu da vurğulayıb ki, Jerar Depardyeni də günahlandırırdılar, ancaq o, biləndə ki, ora Azərbaycanın işğal olunan əraziləridir, eturazını bildirdi.

Məlumat üçün bildirək ki, müğənni Katya Lel Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu təşəbbüslə rusiyalı müğənninin özü çıxış edib. Bilet satışından əldə olunacaq vəsait xeyriyyə məqsədi ilə xərclənəcək. Katya Lel Azərbaycandakı konserti müqabilində qonorar tələb etməyib və bu konsert üçün müğənniyə qonorar ödənilməyib.

Konsertin təşkilatçılığını Heydər Əliyev Sarayı həyata keçirəcək. Katya Lelin Bakıdakı konsertinin yanvarın 30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, rusiyalı müğənni Katya Lel 2005-ci ildə ermənilərin işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağda konsert verib. Bu hərəkətindən sonra Katya Lel və bir neçə həmkarına Azərbaycanda çıxış etməsinə qadağa qoyulub və adları "qara siyahı"ya salınıb. Ötən ay isə yerli mətbuata müsahibəsində bu hərəkətindən peşman olduğunu dilə gətirib və Azərbaycanda konsert vermək istədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə