Novruz Cəfərov: “Qaçqın bir teatrın aktyorları yenidən-yeni bir teatr binasında öz sənətlərində işlədiklərinə görə özlərini xoşbəxt hiss edirlər”
Novruz Cəfərovla bizim tanışlığımızın, dostluğumuzun düz 47 il tarixçəsi var. Biz, hər ikimiz 1971-ci ildə birlikdə aktyorluq fakültəsinə daxil olmuşduq. Ali məktəbi bitirəndən sonra birlikdə təyinatla Şəki Dövlət Dram Teatrını açmağa getmişdik. Lakin mən Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Vaqif Şərifovun təklifilə bu teatra işləməyə gəldim, amma Novruz Şəki Dövlət Dram Teatrda öz işlərini davam etdirdi. Sonra o da taleyini Gəncə Dövlət Dram Teatrı ilə bağladı. Hər ikimiz aktyor kimi yaradıcılığa başlasaq da sonra rejissor kimi də öz yaradacılığımızı davam etdrimişik. Mən Sumqayıtda, Ağdamda, Dağıstanda, Dövlət Gənclər Teatrında və indi də Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi öz işimi davam etdirirəm. Novruz da rejissor kimi Şəkidə, Gəncədə tamaşalara quruluş verib və bu gün də Ağdam Dövlət Dram Teatrının baş rejissoru kimi uğurla öz işlərini davam etdirir. Novruz Cəfərovun orijinal düşüncə tərzi, heç kimə bənzəməyən aktyor oyunu, öz rollarının rejissoru olması, maraqlı pyeslər yazması, hər gün ətrafında baş verənləri özünün gündəliyinə köçürməsi, ədəbiyyat və incəsənətlə bağlı çoxlu kitablar oxuması, insan psixalogiyası ilə dərindən maraqlanması hələ tələbəlik illərindən hamımızın marağına səbəb olmuşdu. Ona görə də dostumuzun gələcəkdə böyük uğurlar qazanacağına böyük ümidlə baxırdıq və bu ümidlərimiz də illər keçdikcə doğruldu. Hələ Şəkidə işlədiyi vaxt Novruz Cəfərovun yaradıcılığında böyük uğurlarını görüb, haqqında portret cizgiləri yazmaq və onu oxuculara daha yaxından tanıtmaq istəyirdim. Amma tale yalnız həmin yazını yazmağı indi mənə qismət elədi.
Qısa arayış: Novruz Adil Cəfərov 1953-cü ildə Şəmkir rayonunnun Könüllü kəndində andan olub. 1970-ci ildə kənd orta məktəbini bitirib və sənədlərini Azərbaycan D övlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verib, amma qəbul ola bilməyib. Bir il işləyib, 1971-ci ildə təkrar sənədlərimi həmin institutun “dram və kino aktyoru” fakültəsinə verib və qəbul olunub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyoru” fakültəsini bitirib, təyinatla Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib. 1975-1997-ci illərdə, tam 21 il Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1976-1977-ci illərdə Ukraynada hərbi xidmətdə olub. 1997-ci ildə Gəncə şəhərinə köçüb və 1997-2017-ci illərdə Gəncə Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyib.
Əlavə çalışdığı Gəncədəki Nizami Poeziya Teatrını da nəzərə almaqla işlədiyi bu üç teatrda 43 il ərzində 200-ə yaxın tamaşada irili-xırdalı, müxtəlif səpgili, xarakterli, komik, dramatik və faciəvi rollarda oynayıb. Onlardan: Səməd Vurğunun “Komsomol poeması”nda Bəxtiyar, Cəfər Cabbarlının “Aydın”-ında Aydın, “Almaz”-ında Mirzə Səməndər, “Oktay eloğlu”-nda Xaspolad, Hüseyn Cavidin “İblis”-ində Arif, “Uçrum”-unda Əkrəm bəy, “Knyaz”-ında Anton, “Afət”-ində Doktor Qaratay, Sabit Rəhmanın “Xoşbəxtlər”-ində Mirzə Qərənfil, “Toy”- unda Mirzə Salman və Kərəmov, “Yalan”-ında Şamil, “Aşnalar”-ında Mirzə Səməndərli, Bəxtiyar Vahabzadənin “Artıq adam”-ında Alxan, “Dar ağacı”-ında İbin Zeyd, Anarın “Təhminə və Zaur”-unda Zaur, “Adamın adamı”-ında Fənd Fərəc, “Şəhərin yay günləri”-ndə Qəssab Ağarəfi, Elçinin “Poçt şöbəsində xəyal”- ında Xəlil, “Qatil”-ində Polis, “Ölüm hökmü”-ndə Ələsgər müəllim və Katib, xarici dramaturqların əsərlərindən Mixail Bulqakovun “Ustad və Marqarita”-da Ustad, Dürrenmatın “Meteor”-unda Karl Koppe, K.Marlonun “Böyük Teymurləng”-ində Texel, Maksim Qorkinin “Həyatın dibində”-də Bubnov, Əziz Nesinin “Sən Qara deyilsən”-də Qara və Salsi, “Toros canavarı”-ında Nuru əfəndi, Vilyam Şekspirin “Romeya və Culyetta”- sında Benvolio, Karel Çapekin “Ağ xəstəlik”-də Baron Kryuk, Çingiz Aytmatovun “Əsrə bərabər gün”-ündə Müəllif, Aleksandr Çxeyidzenin “Çinari manifesti”-ndə Samson, Mar Bayciyevin “Duel”-ində İsgəndər, Savvanın “Şah elə şahdır”-ında Əbu Əza və sairə rollarda böyük uğurla çıxış edib. Bu rollar da Novruz Cəfərova böyük uğurlar gətirib. Bu rolların da hamısı Novruzun ifasında Azərbaycan teatr tarixinə yazılıb. Bu tamaşalar haqqında yüzdən çox maraqlı ressenziyalar, məqalələr yazılıb və həmin ressenziyalarda, məqalələrdə Novruz Cəfərovun oyunu yüksək səviyyədə təhlil olunub. Onun bənzərsiz aktyor olduğu qeyd olunub.
- Novruz bəy bir vaxtlar Şəki Dövlət Dram Teatrında işlədiyiniz vaxtlarda dünya xalqlarının dramaturgiya festivallarında oynadığınız tamaşalarda bir aktyor kimi çox maraqlı çıxış edirdiniz. Həmin festivallardan hansılar yadınızda qalıb?
- Həmin vaxtlar Şəki teatrının bir qızıl, intibah dövrü idi. SSRİ-də və Azərbaycanda keçirilən dramaturgiya festivallarında bir aktyor kimi mən də o teatrla fəal iştirak etmişəm. Oynadığım tamaşaların əksəriyyəti bu festivalların qalibi olub və yaxud müxtəlif diplomlara layiq görülüblər: SSRİ-də keçirilən Bolqaristan dramaturgiyası festivalında R.Stoyanovun “Ustalar” tamaşasında Usta Nayden (1979), Almaniya dramaturgiyası festivalında B.Brextin “Artur Uinin karyerası”-nda Cüzeppe Civola (1981), Rumınya dramaturgiyası festivalında M.Sebastiyanın “Adsız ulduz”-da Marin Miroyu, Macarıstan dramaturgiyası festivalında Ş.Petefinin “Pələng və Kaftar”- da Şaul (1983), Tiflisdə (1982) keçirilən SSRİ miqyaslı Gənclər festivalında B.Brextin “Artur Uinin karyerası”-nda Cüzeppe Civola, İravanda keçirilən Şekspir festivalında (1984) “Romeya və Cülyetta”-da Benvolio, Azərbaycan peşəkar teatrının yaranma gününə həsr olunmuş Respublika Şəki Teatr festivalında (1986), S. Rəhmanın “Xoşbəxtlər”- də Mirzə Qərənfil və yenə Şəkidə keçrilən M.F.Axundov dramaturgiyası festivalında “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah”- da Məstəli şah, Bakıda keçirilən gənc rejissorların “Yeni teatr” festivalında (2007) İ. Əfəndiyevin “Qəribə oğlan” - ında Əhmədcan, Gəncədə və Bakıda keçirilən “Yeni teatr” festivalında Ə. Əmirlinin “Varlı qadın”- ında Sarı, Lənkəranda ikinci “Yeni teatr” festivalında Elçinin “Qatil”- ində Polis rollarında çıxış etmişəm. Türkiyədə Geresun Beynəlxalq “Ak su” Teatr festivalında (2010) “Gözəlçələr” tamaşasının quruluşçu rejissoru kimi, Konya və Ufa şəhərlərində yenə aktyor kimi iştirak etmişəm. Şəki Dövlət Dram Teatrının tamaşaları ilə Moskvada (1979, 1984, 1987, 1988 ), Kazanda, Yoşkar-Ola da, Daşkənd də, Səmərqənd də, Praqa da, İstanbulda, Tiflisdə, İrəvanda, Bakıda, Naxçıvanda, Lənkəranda və başqa bir çox yerlərdə uğurlu qastrol səfərlərində olmuşam.
Aktyor kimi kinoda; “O dünyadan salam”, “Yük”, “Cavad xan”, “Çölçü”, “Bir ovuc sonsuzluq”, “Son nəfəsədək” bədii flmlərində, “Qarabağnamə” çox seriyalı bədii filmində, “Səndən sonra” çox seriyalı televiziya filmində, “Ramazan payı”, “Xocalı” qısa metrajlı filmlərində, “Xəlvətdə qalmış müdrik”, “Aldadanlar və aldananlar” serial filmində də çəkilmişəm. Təvazökarlıqdan uzaq olsa da mənə elə gəlir ki, 43 illik yaradıcılığımda az iş görməmişəm.
- Siz öz işlərinizi təkcə aktyorluq və rejissorluqla bitmiş hesab etməyibsiz və həm də dramaturgiya ilə məşğul olubsunuz. Bəs bu istək hardan yaranıb?
- Bəli, yaradıcılığımda dramaturq kimi də fəaliyyət göstərmişəm, göstərirəm və bu vaxta kimi 10-dan çox komediya yazmışam, hansı ki, o komediyalar respublikanın müxtəlif teatrlarında - müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. Bu da müasir Azərbaycan dramaturgiyasında olan boşluqlardan irəli gəlib. Çünki indi pyes yazan yazıçılarımız çox azdır. Amma teatrlarımıza müasir pyeslər çox lazımdır. Mənim pyeslərimdən “Keçəlin cəhənnəmə səfəri” (rejissor N. Cəfərov), “Uşaq oğruları” (rejissor M. Səlimov), “Şəkili + Ayrım = şoutamaşa” (rejissor Q. Məmmədova), “Gecə yarısından sonra elçilik” (rejissor N. Cəfərov), “Buna da şükür” , “Kədərli zarafat” (rejissor V. Şərifov), “Tənbəlin yuxusu” (rejissor R. Vəliyev), “Keçəlin sərgüzəşti”, “Qəribə litsey” (rejissor N. Cəfərov), “Möcüzələr muzeyində şənlik” və başqa komediyalarım uğurla tamaşaya qoyulub. Bir ssenarim Kəpəz TV - də Mahirə Haqverdiyeva tərəfindən beş seriyalı “Cənnət sanatoriyasında” bədii televiziya filmi və bir ssenarim isə İzzət Əzizov tərəfindən Bakı teatrları aktyorlarının iştirakı ilə “Müəmmalı yubiley” adlı bədii komediya filmi kimi çəkilib. Hər iki film tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb.
- Siz çox maraqlı aktyorsunuz və birdən-birə rejissor kimi də özünüzü sınadınız. Bəs bu nədən doğdu?
- Bilirsiniz ki, hələ tələbəlik illərindən məndə rejissuraya bir meyl vardı. Ona görə də Şəki teatrında işləyəndə özümü bir rejissor kimi də sınadım. Rejissor kimi ilk işim də Şəki Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşası oldu. Bu tamaşa maraqlı alındığına görə, başladım rejissor kimi də öz yaradıcılığımı davam etdirməyə. Beləliklə, Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” tamaşasında rejissor Hüseynağa Atakişiyevlə, Sabit Rəhmanın “Xoşbəxtlər”- ində rejissor Cahangir Novruzovla birlikdə tamaşalar hazırladıq. Sonra Gəncə Dövlət Dram Teatrında Süleyman Sani Axundovun “Eşq və intiqam”, Mirzə Məhəmməd Axundzadə “Qanun dəllalı”, özüm yazdığım “Buna da şükür”, “Kədərli zarafat” tamaşalarında rejissor Vaqif Şərifovla, Mir Cəlalın “Ərik ağacı” tamaşasında rejissor Loğman Kərimovla, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında Bəhram Osmanovla tamaşalar hazırlamışam. Sərbəst qruluşçu rejissor kimi isə Şəki Dövlət Dram Teatrında; Aleksandr Gelmanın “Hamılıqla təklikdə”, Əli Səmədovun “Əhmədin vəfalı xoruzu”, Novruz Cəfərovun “Gecə yarıdan sonra elçilik”, Robert Tomanın “Tələ”, Əli Əmirlinin “Onun iki qabırğası”, Gəncə Nizami Poeziya Teatrında Aleksandr Puşginin “Qaraçılar”, Nizami Gəncəvinin “Leyli və Məcnun”, Feruz Mustafanın “Tıxac”, Gəncə Dövlət Dram Teatrında Novruz Cəfərovun “Uşaq oğruları”, “Keçəlin sərgüzəşti”, “Möcüzələr muzeyində şənlik”, Tuncer Cücenoğlunun “Gözəlçələr”, Əli Əmirlinin “20 ildən sonra”, Gəncə Dövlət Kukla Teatrında Novruz Cəfərovun “Qəribə litsey” və sairə tamaşalara quruluş vermişəm. 2017 - ci ilin oktyabr ayının 3-dən Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyirəm. Burada rejissor kimi ilk işim də Cəfər Cabbarlının “Aydın” tamaşası olub. Deyirlər ki, maraqlı tamaşa alınıb. Mən çalışmışam ki, hazırladığım tamaşada bu vaxta qədər quruluş verilən heç bir “Aydın” tamaşasını təkrarlamayım.
Sevinirəm ki, 43 illik yaradıclığımda ayrı-ayrı mükafatlara da layiq görülmüşəm. Rəsul Rzanın “Vəfa” pyesindəki Xasay obrazına görə Respublika Təhsil Nazirliyi və Respublika Həmkarlar Təşgilatının birgə keçirdiyi “Faşizm üzərində Qələbə-30” festivalında diploma, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasındakı Bayram bəy roluna görə “Qızıl dərviş” mükafatına, SSRİ- də keçirilən dramaturgiya festivallarında diplomlara, Naxçıvan Mədəniyyət Nazirliyinin, Gəncə və Şəki şəhərlərinin, Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərman və diplomlarına laiq görülmüşəm. 1977 - ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüyəm.
İçtimai işlərdə də həmişə fəal iştirak etmişəm. Teatr Həmkarlar Təşkilatının sədri, Şəki şəhər Sovetinin deputatı, rayon Mədəniyyət Komisiyasının sədri və Şəkidə işlədiyim 21 il ərzində bütün dövlət tədbirlərinin aparıcısı olmuşam. 1997-ci ildən bəri Gəncədə də aktyor və ziyalı kimi bir çox tədbirlərin keçrilməsində fəal iştirak etmişəm. Gəncənin 2500 illik yubiley tədbirlərində işimə görə pul mükafatına laiq görülmüşəm. Təhsil Nazirliyinin regional qəbul komissiyasının üzvü olmuşam. 2013- cü ildə, 60 illik yubileyimlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatına və Respublika prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm. 2018 – ci ildən də Prezident mükafatçısıyam.
Sevinirəm ki, Şəki Dövlət Dram Teatrının yaradıcı aktyoru kimi mənim də adım Azərbaycan Sovet Ensiklopediyasının 10- cu cildində qeyd edilib. Mənim də rollar oynadığım bir neçə tamaşa çəkilərək Azərbaycan Televiziyasının Qızıl fondunda saxlanılır. Neçə - neçə kitab, jurnal və saysız qəzetlərdə yazılmış məqalələrdə, ressenziyalarda şəxsiyyətim və yaradıcılığım haqqda xoş söz deyilib və yazılıb. Deməli, ömrümün yaradıcılığa həsr etdiyim 43 ili hədər getməyib.
- Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyiniz müddətdə qoyduğunuz tamaşalar haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.
- Bir il, bir aydır ki, Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyirəm. Bu müddət ərzində, bir neçə şəhər tədbirləri hazırlamışam. Cəfər Cabbarlının “Aydın” dramını və Yusif Əzimzadənin gənclər üçün nəzərdə tutduğu “Nəsrəddin” komediyasına, “Mən Molla Nəsrəddin olacam” adıyla quruluş vermişəm. Hər iki tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı tamaşalarını repertuara daxil etmək fikrim var. Bilirsiniz ki, hər bir teatr özünün maraqlı repertuarı ilə tanınır. Çünki repertuar teatrın pasportudur.
- Ağdam Dövlət Dram Teatrının kollektivi mənim üçün də doğmadır. Çünki bir vaxtlar yəni 1985-89-cu illərdə mən də bu teatrın quruluşçu rejissoru, baş rejissoru-direktoru işləmişəm. O vaxt bu teatrda respublikada tanınan çox maraqlı aktyor heyyəti vardı. Qurban Mirzəyev, Narınc Məlikova, Simuzər Namazova, Tofiq Qarayev, Fatma Mahmudova, Səyyaf Əlizadə, Siyavuş Sultanov, Nazir Rüstəmov, Vəlyəddin Quliyev, Cəmilə Məmmədova, Elxan Qasımov və başqa tanınmız aktyorlar, aktrisalar bu teatrda işləyirdilər. İndi aktyor heyyəti necədir?
- Aktorlarımız çox əzmkar və zəhmətkeşdir. Mən onlardan aşağıdakıların adını çəkə bilərəm. Əməkdar aktrisa Aida Qasımova həm də drektor müavinidir. Quruluşçu rejissor Kərim Həsənov, həm də maraqlı aktyordur. Səbuhi Əhmədov həm quruluşçu rejissor və həm də aktyordur. Əməkdar aktrisa Fəqumə Yusifova teatrın qocaman aktrisasıdır. Teatrımızda Nizami Ələkbərov, Cəfər Bayramov, Süliddin Quliyüv, Elşən Cavadov, Hikmət Şirin, Qalib Abdullazadə, Elgiz Mürşüdov, Tural Yusifov, Afaq Əliyeva, Afərdə Əhmədova, Xəyalə Xudatova, Fərhad Fərhadzadə, Səda və başqa maraqlı, istedadlı aktyor truppası ilə işləyirik.
Bunlardan başqa teatrın baş rəssamı Elman Balakişiyev, rejissor köməkcisi Ceyhun Yusifov, ədəbi hissə müdiri Zöhrab İmaməliyev, quruluş hissə müdiri Yaşar Abbasov, musiqi tərtibatçısı Elşən Cəfərov, işıq üzrə rəssamı Anar Şükürov, qrimçi Ülviyyə Qasımova kimi maraqlı insanlar bizimlə işləyirlər. Və hər biri də öz işinin öhdəsindən çox yaxşı gəlirlər. Hamısından çox razıyam. Tamaşanın ərsəyə gəlməsində bu insanların hamısı əlindən gələnləri edirlər. Bu da böyük mehribançılıqdan, fədakarlıqdan, öz işini sevməkdən irəli gəlir. Çünki çox mehriban, əzmkar kollektivimiz var.
- İşlədiyiniz müddətdə teatrda hansı aktyorların işindən daha çox razısınız?
-Hamısından razıyam . Hər kəs bacardığı səviyyədə əlindən gələni əsirgəmir. Bütün aktyorlarımız uzaq yaşayış məntəqələrindən işə gəlirlər və buna görə hər kəsin zəhmətini yüksək qiymətləndirirəm. Onların hamısı öz işlərinin fədailəridir.
- Bir rejissor kimi bugünkü Azərbaycan teatrına baxışınız necədir?
-Eyni oxşar proplemlər hər teatrda yaşana bilir. Əsas odur ki, öz yaradıcılığımızla məşğul olmaq üçün bizə hər şərait yaradılıb. Biz, sevimli işimizlə məşğuluq. Hər kəs də öz işinə cavabdehdir.
- Siz uzun illər Şəki və Gəncə Dövlət Dram Teatrlarının aktyoru işləyibsiniz. Bu günkü Azərbaycan teatr aləmində aktyor sənətinə münasibətiniz necədir? Bununla bağlı nələri təklif etmək istərdiniz?
-Münasibətim yaxşıdır. Amma her şey bundan da gözəl ola bilərdi... Aktyorların maaşları qaldırılsaydı çox yaxşı olardı. Ağdam teatrının aktyorlarının demək olar ki, hamısı uzaq məsafədən teatra gəlirlər və yol xərcləri çox çıxır. Texniki imkanlar da artsaydı, hazırladığımız tamaşalara dövlət tərəfindən quruluş xərcləri ayrılsaydı çox yaxşı olardı. Nə etmək olar, buna da şükür... Əsas odur ki, qaçqın bir teatrın aktyorları yenidən – yeni bir teatr binasında öz sənətlərində işlədiklərinə görə özlərini xoşbəxt hiss edirlər.
- Uzun illər bölgələrdə işləyibsiniz. Bakıdan uzaqda teatra rəhbərlik etmək çətindirmi?
-Bir elə çətinliyimiz yoxdur. Amma aktyoru hər məşqdə öz gücünə inandırmaq lazım gəlir. Aktyor seçimi paytaxtda həmişə asan həll oluna bilən məsələdir, amma bizdə bu mümkün deyil və buna görə də bizim daha çox işləməyimiz lazım gəlir. “Balıq dəryada boy atar”- deyib atalar. Paytaxtda tanınmaq var, reklam güclüdür, teatrşünaslar vaxtaşırı onların sənətinə düzgün qiymət verirlər və bunlar da aktyorun yaradıcılığında vacib şeylərdi. Əyalətdə belə şeylər olmadığına görə bir qədər çətindir.
- Şəhər rəhbərliyinin və Mədəniyyət Nazirliyinin sizin teara münasibəti necədir?
- Əla. Heç vaxt bizi tək qoymurlar. Həmişə zəng edib işimizin nə yerdə olduğu ilə maraqlanırlar. Əllərindən gələn köməklikləri edirlər ki, biz işləyək və yaxşı tamaşalar hazırlayaq.
- Cəbhə bölgəsində işləmək hansı çətinlikləri yaradır?
- Elə bir çətinliyimiz yoxdur. Hərdən atışma səsləri eşidirik və əsgərlərimizə inandığımızdan ürəyimiz sakitdir. Biz, eləcə də hər kəs öz işi ilə məşğuldur. Çalışırıq ki, vətənpərvərlik ruhunda tamaşalar, tədbirlər hazırlayıb tamaşaçıları da bu ruhda kökləyək.
- Teatrlarda tez-tez direktorla baş rejissor arsında konfliktlər olur. Bu da kollektivin yaradıcılığına pis təsir edir. Sizdə bu sahədə işlər necədir?
- Drektorumuz çox gözəl insandır. Bizim İncəsənət İnstititunu qurtarıb. Bir-birimizi yaxşı anlayırıq və hərə öz vəzifə borcunu yerinə yetirir. Teatrda məni ən çox dəstəkləyənlərdən biri də elə direktor Məhəmməd Hüseynovdur. Hər dəqiqə də öz fədakarlığını göstərməyə hazırdır. Çox təşkilatçı və mehriban insandır. Özü də teatr aşiqidir. Çalışırıq ki, əl-ələ verib, maraqlı işlər görək və kollektivin güzəranının yaxşılaşmasına köməklik edək.
- Gələcək planlarınız necədir? Azərbaycanın daxilinə, xarici ölkələrə qastrollar planlaşdırırsınızmı?
- Planlarımız qurduğumuz repertuar planı üzrə və bölgənin bizdən aslı ola biləcək mədəni kütləvi işlərindən asılı olaraq gedir. Qastrollar haqqında fkirləşirik və zamanı gələndə onları da həyata keçirəcəyik. İndi isə əsas işimiz yaxşı repertuar qurmaqdır. Azərbaycan və dünya dramaturqlarının maraqlı pyeslərini repertuarımıza daxil etmək istəyirik. Çünki aktyor və aktrisa yaxşı və günün nəbzini tutan pyeslərdə böyük təcrübə toplayıb, inkişaf edə bilər və kamilləşər.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB