Həsən Məmmədova həsr olunmuş elmi sessiya və xatirə tədbiri keçirilib FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti, Həsən Məmmədovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya və xatirə tədbiri keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Xalq artistləri Rafiq Əzimov, Əbdül Mahmudov, Əməkdar artist Elxan Qasımov, BXA-nın rektoru, akademiyanın professor-müəllim, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Elmi-sessiya aktyorun “Yeddi oğul istərəm”, “Böyük dayaq”, “Alma almaya bənzər”, “Axırıncı aşırım”, “Dədə Qorqud” və digər filmlərindən kadrların nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Əməkdar elm xadimi, professor, BXA-nın rektoru Timuçin Əfəndiyev Həsən Məmmədovun həm teatr, həm də televiziya ekranlarında yaddaqalan kino obrazları yaratmasını onun zəngin potensialından və peşəkarlığından qaynaqlandığını bildirib. T. Əfəndiyev onu da qeyd edib ki, görkəmli aktyor teatr və kino sahəsində yaratdığı obrazlarla səhnəyə yenicə qədəm qoymuş gənclər üçün də əsl məktəbə çevrilib.
Daha sonra aktyorun sənət dostları çıxış edərək, Həsən Məmmədovun yaradıcılıq yolundan, filmlərdə təkrarolunmaz ifa tərzindən, aktyor ustalığından danışaraq böyük sənətkar haqqında xatirələrini bölüşüblər.
Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova da Həsən Məmmədov yaradıcılığından bəhs edən məruzələrlə çıxış ediblər.
Xatırladaq ki, Həsən Məmmədov “Dədə Qorqud”da Dədə Qorqud, “Yeddi oğul istərəm”də Bəxtiyar, “Axırıncı aşırım”da Abbasqulu bəy, “Böyük dayaq”da Qaraş, “Arşın mal alan”da Əsgər, “Bir cənub şəhərində” Murad, “Gün keçdi”də Oqtay, ”Qatır Məmməd”də Səməd, “Alma almaya bənzər”də Qurban və sairə bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB