Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Prezidentinin 17 may 2018-ci il tarixli Sərəncamına əsasən, Abdulla Şaiqin Mənzil Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Memarlıq və İncəsənət İnstitutunun alimləri, Bakı şəhərinin muzey və kitabxana əməkdaşları, BDU-nun müəllim və tələbələri, A.Şaiq adına 54 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mikayıl Müşfiqin qohumları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açdı. Daha sonra muzeyin könüllüsü, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Elida Muxayeva Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Tədbir 54 saylı məktəbin şagirdlərinin çıxışı ilə davam etdi. Şagirdlər Mikayıl Müşfiqin “Şəngülüm, şüngülüm, məngülüm” mənzum nağılını səhnələşdirilib. Tədbir boyu şagirdlər M.Müşfiqin yaradıcılığından müxtəlif nümunələri səsləndiriblər. Böyük şairin şagirdlərin ifasında təqdim olunan “Yenə o bağ olaydı”, “Küləklər”, “Oxu tar” və başqa şeirləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin bədii hissəsi musiqi nömrələri ilə müşayiət olunub. 54 saylı məktəbin məzunu, hazırda İqtisad Universitetinin tələbəsi Yusif Cəfərzadə M.Müşfiqin qəzəllərindən ibarət muğamlar ifa edib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə çıxış edib. Lütfiyyə xanım nakam şairimiz Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair maraqlı faktları diqqətə çatdırıb. Tədbirdə, həmçinin Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər xanım Bağırova çıxış etdi. O, A.Şaiq, C.Cabbarlı və M.Müşfiq arasındakı mənəvi bağlardan söz açıb. 54 saylı məktəbin ədəbiyyat müəllimi Rəfiqə Hüseynova böyük şairin poeziyasının insan azadlığını tərənnüm edən mahiyyətindən danışıb. Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə tədqiq etdiyi Mikayıl Müşfiq yaradıcılığında rastladığı musiqi alətlərindən söhbət açıb.

Sonda söz Mikayıl Müşfiqin qohumu Vahab müəllimə verilib. Vahab müəllim Mikayıl Müşfiqin xatirəsinin Abdulla Şaiq Mənzil Muzeyində yad olunduğuna görə ailəsi adından Ülkər xanıma təşəkkür edib. Tədbiri muzeyin direktoru Ülkər xanım bağlayıb. Ülkər xanım tədbirə gələn qonaqlara öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə