Ümumrespublika müşavirəsi keçiriləcək

Ümumrespublika müşavirəsi keçiriləcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin noyabr ayının 30-da Cəlilabad şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 242 ) Lənkəran şəhərindən, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Mədəniyyət Nazirliyindən SİA verilən xəbərə görə, həmin gün qəbuldan sonra Mədəniyyət Nazirliyinin Regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsinin və “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının yekun tədbirinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust ayları ərzində keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyır.

Yerli icra orqanlarının təşkilati dəstəyi ilə keçirilmiş bu festival bölgələrdə əhalinin və ölkəmizə gələn xarici qonaqların böyük marağına səbəb olub.

“Bölgələrdən-bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı, xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkasının təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə