“Sənət fədailəri” adlı ədəbi-bədii gecə keçirilib FOTOLAR

“Sənət fədailəri” adlı ədəbi-bədii gecə keçirilib FOTOLAR

Görkəmli səhnə ustaları, Azərbaycanın xalq artistləri Gülxar Həsənovanın anadan olmasının 100, Həsən Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənət fədailəri” adlı ədəbi- bədii gecə keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 30 iyul tarixdə kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun anadan olmasının 80, 2018-ci il 15 avqust tarixdə Azərbaycanın görkəmli opera müğənnisi Gülxar Həsənovanın anadan olmasının 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Gülxar Həsənova 1936-cı ildən səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb, 1942-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet teatrında öz sənətini davam etdirib. O, bu möhtəşəm teatrın səhnəsində Əsli, Leyli, Şahsənəm, Ərəbzəngi, Təravət, Anna və onlarla qadın surətlərini məharətlə tamaşaçılara təqdim edib. Həsən Məmmədov 1962-ci ildən 1972-ci ilin fevral ayınadək Akademik Milli Dram Teatrında, 1972-ci ildən ömrünün sonunadək isə "Azərbaycanfilm" kinostudiyasında çalışıb, 50-dən çox filmdə çəkilib.

Kitabxananın əməkdaşı Fəridə Cəfərova aktyor Həsən Məmmədovun həyatı, teatr və kino sahəsində uğurları, dövlət tərəfindən yüksək mükafatları, səhnə fəaliyyətinin qiymətləndirilməsi mövzusunda çıxış edib.

Kitabxananın əməkdaşı Tamella Məmmədova Azərbaycanın xalq artistləri Gülxar Həsənova və Həsən Məmmədovun səhnə fəaliyyətlərinə həsr olunmuş kitabların tövsiyə ədəbiyyat siyahısı haqqında ətraflı məlumat verib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Lətafət Rəhimzadə Azərbaycan kino sənətinin inkişafında aktyor Həsən Məmmədovun əvəzsiz xidmətlərindən, yaratdığı obrazlardan danışıb.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Aylin Əzizli Gülxar Həsənovanın opera səhnəsində Ərəbzəngi, Leyli, Əsli, Şahsənəm kimi qadın obrazlarını məharətlə tamaşaçılara sevdirməsi mövzusunda çıxış edib.

Tədbirdə Həsən Məmmədovun və Gülxar Həsənovanın səhnə fəaliyyətlərini əks etdirən iki qısa metrajlı film nümayiş olunub.

Tədbirin sonunda “Azərbaycanın səhnə korifeyləri” adlı foto-stendə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə