Növbəti teatr islahatları Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında aparılacaq

Növbəti teatr islahatları Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında aparılacaq
Dövlət Musiqili Komediya Teatrı təmirdən çıxan kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan islahatlardan orada da aparılacaq. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. O bildirib ki, Musiqili Komediya Teatrından sonra islahatlar Gənc Tamaşaçılar teatrlarında da həyata keçiriləcək.

Nazir müavini bildirib ki, adı çəkilən teatrlarda da bütün kollektiv işdən azad olunacaq və yenidən müsabiqə yolu ilə işə qəbul keçiriləcək: "Akademik Milli Dram Teatrında bu proses başa çatdıqdan sonra eyni proses digər teatrlarda da həyata keçiriləcək. Musiqili Komediya Teatrında əsaslı təmir başa çatdıqdan sonra müsabiqəyə başlanacaq. Hər iki teatrda da Milli Dram Teatrındakı kimi bir illik müqavilə bağlanacaq. Hər il müqavilələr yenilənəcək".

Ədalət Vəliyev onu da qeyd edib ki, gələn il üçün Azərbaycan Opera və Balet Teatrı, İrəvan Teatrı və Şuşa Teatrı da təmir olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə