Kinorejissor Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib - FOTO

Kinorejissor Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib - FOTO
Bu gün Muzey Mərkəzində görkəmli Azərbaycan kinorejissoru, kinodramaturq, ssenarist Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Həsən Seyidbəylinin geniş yaradıcılıq yoluna nəzər salıb.

C.Quliyev bildirib ki, kino tariximizin bir sıra ən parlaq səhifələri məhz Həsən Seyidbəylinin adı ilə bağlıdır: "Onun ssenariləri əsasında "Doğma xalqımıza" bədii-sənədli, "Qızmar günəş altında", "Uzaq sahillərdə" bədii, "Toral və Zəri", "Sağ ol, dostum" animasiya, "Sovet Azərbaycanı" televiziya, "Kamillik" sənədli filmləri yaradılıb. Həsən Seyidbəyli ilk dəfə 1947-ci ildə "Bakıdan Göygölədək", bunun ardınca 1949-cu ildə "Quba bağlarında" və "Tərtərçay vadisində", "Böyük yol" kinoçerklərini lentə alıb".

Kinoşünas Aydın Kazımzadə bildirib ki, H.Seyidbəyli kinorejissoru kimi səkkiz tammetrajlı bədii filmə quruluş verib. Bunlardan altısının həm də ssenari müəllifidir.

Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Həsən Seyidbəylinin ailə üzvləri, eləcə də bir sıra kino xadimləri iştirak ediblər. Xalq artisti Rasim Balayev bildirib ki, Həsən Seyidbəyli öz yaradıcılığı ilə hər zaman insanların qəlbində olacaq.

Görkəmli sənətkar, istedadlı kinorejissor Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə