“Deyilən söz yadigardır” bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOSLAYD

“Deyilən söz yadigardır” bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOSLAYD
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə aparıcı qismində çıxış edən aktyor Elnur Kərimov ilk olaraq müsabiqənin münsiflər heyətini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göyçayda Rəsul Rzanın 100 illiyinə həsr edilən "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi yüksək bədii-təşkilati səviyyədə keçirilib. Müsabiqədə 34 bölgəni təmsil edən 70 nəfər iştirak edib.

Münsiflər heyətinin üzvləri - xalq artistləri Nurəddin Quliyev, Laləzar Mustafayeva, Pərvanə Qurbanova, əməkdar incəsənət xadimi Bəhram Osmanov, Göyçay Rayon Mədəniyyət Şöbəsinin müdiri Sahib Şükürov, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət sektorunun baş məsləhətçisi Vəfa Novruzovadan ibarət olub.

Daha sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, müsabiqə Azərbaycan söz xəzinəsinin nadir incilərindən olan şeir, mənsur şeir, nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsi məqsədilə təşkil olunub: "Rəsul Rzanın 100 illiyinə həsr olunan "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi nəhayət ki öz qaliblərini bu gün mükafatlandırır".

Münsiflər heyətinin qərarı ilə I yerin qalibi Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissoru" fakültəsinin tələbəsi Ərzənalıyeva Pərvinə 500 manat, laureat adı və diplom, II mükafata (300 manat, laureat adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Qurbanova Könül, III mükafata (250 manat, laureat adı və diplom) Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Ağayeva Həcər layiq görülüb.

Həvəsləndirici mükafatlara (100 manat və diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Həsənov Rauf, Bakı şəhərindəki Əmircan Mədəniyyət Evinin təmsilçisi Rəfiyev Firuz və Göygöl rayonunun təmsilçisi Cəlilova Arzu layiq görülüb.

Göyçay rayon Mədəniyyət və Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla (100 manat və diplom) isə Ucar rayonunu təmsil edən Məmmədov Elçin təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə