Əbülfəs Qarayev: “Tamaşalarda rol almayan aktyorun teatrda işləməsi məntiqsizlikdir”

Əbülfəs Qarayev: “Tamaşalarda rol almayan aktyorun teatrda işləməsi məntiqsizlikdir”
"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi dekabrın 30-da bütövlüklə işdən azad olunacaq. İşə qəbul yenidən müsabiqə yolu ilə aparılacaq. Bu məqsədlə komissiya yaradılıb və artıq tərkibi də müəyyənləşib".

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, işə qəbulla bağlı formalaşan komissiyaya nazir müavini Ədalət Vəliyev rəhbərlik edəcək: "Komissiyada teatrşünaslar, nazirlikdən, Teatr Xadimləri İttifaqından, o cümlədən teatr kollektivindən də nümayəndə təmsil olunacaq. Bu islahatlar heç bir çətinliyə baxmadan davam etdiriləcək. Biz teatrın daxilində müasir standartlara cavab verən yeniliyin yaranmasını istəyirik".

Ə. Qarayev narahatlığa əsas olmadığını da söyləyib: "Teatra lazım olan adamlar qalıb işləyəcək. Qəbul olunan aktyorlarla 1 illik müqavilə bağlanacaq. Hər il müqavilə yenilənəcək və müsabiqə yolu ilə işə qəbul aparılacaq".

Ə. Qarayev qeyd edib ki, tamaşalarda rol almayan aktyorun teatrda işləməsi məntiqsizlikdir: "Düşünürəm ki, islahatlar düzgün qəbul olunacaq. Biz çalışacağıq ki, teatrın ənənələrini saxlamaqla daha görkəmli teatr yaradaq".

Bütün xəbərlər Facebook səhifəmizdə