Rasim Balayev: “Rejissor məni Akademik Milli Dram Teatrına dəvət etsə, gedə bilərəm”- AÇIQLAMA

Rasim Balayev: “Rejissor məni Akademik Milli Dram Teatrına dəvət etsə, gedə bilərəm”- AÇIQLAMA
"Azərbaycan Milli Dram Teatrının müsabiqə yolu ilə aktyorları yenidən işə götürməsi hesab edirəm ki, öz müsbət nəticəsini verəcək". Bunu SİA-ya açıqlamasında xalq artisti, vaxtilə həmin teatrda bir neçə tamaşada rol alan Rasim Balayev deyib.

"İnanıram ki, bu addımı atmaqla teatra lazım olan insanlar işləyəcək. Bəzən teatr sahəsində ədalətsizlik çox olur. Misal olaraq hər hansı bir aktyor ay ərzində 15 tamaşada oynayır, ancaq eləsi də var ki, ayda bir tamaşa oynayır və ayın sonunda da eyni maaşı alırlar",- deyə R. Balayev əlavə edib.

Rasim Balayev: "Əvvəllər işə girib neçə il həmin işdə qalırdın. Lakin indi hər şey tamam başqadır. İndi hər il yeni müqavilə bağlayırlar. Ümid edirəm ki, teatrda aparılan islahatlardan sonra teatra lazım olan insanlar, işgüzar aktyorlar çalışacaqlar".

Xalq artisti onu da qeyd edib ki, bizim camaatımız elədir ki, heç vaxt axar çayın mənbəyinin haradan gəldiyini fikirləşmirlər: "Axtarsalar, çoxlu problemlər çıxar. Layiqli aktyorların teatrda işləməsi üçün də belə islahatların keçirilməsi lazımdır. Seçim də düzgün olmayanda hər şey keyfiyyətsiz olur".

Bəlkə də bu islahatlardan sonra teatra tamaşaçıları cəlb etməyin mümkün olacağını deyən xalq artisti: "Bəlkə də indiyə qədər deyə bilmədiklərimi söyləyəcəyim bir tamaşa üçün rejissor məni Akademik Milli Dram Teatrına dəvət etsə, gedə bilərəm. Əgər elə bir rol olsa və bilsəm ki, doğurdan da təklif edilən rol mənim ürəyimcədir, o zaman həmin teatrda çalışmağa razılıq verərəm.

Rasim Balayev həmçinin vurğulayıb ki, vaxtilə həmin teatrda bir neçə tamaşalarda oynayıb: "Hüseyn Cavidin "İblis" faciəsində- Arifi və Cəfər Cabbarlının "Aydın" əsərində isə Dövlət bəyi oynamışam. Yenə də deyirəm ki, mənə uyğun obraz olsa razılıq verərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə