“Rus muzeyi: virtual filial” layihəsi çərçivəsində tələbələr və məktəblilər üçün muzey tədris proqramının təqdimatı keçirilib

“Rus muzeyi: virtual filial” layihəsi çərçivəsində tələbələr və məktəblilər üçün muzey tədris proqramının təqdimatı keçirilib
Bu gün Muzey Mərkəzində "Rus muzeyi: virtual filial" layihəsi çərçivəsində YUNESKO-nun Moskva bürosunun dəstəyi ilə tələbələr və məktəblilər üçün muzey tədris proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, muzey direktorları və işçiləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Slavyan Universitetinin, Qərb Universitetinin, o cümlədən mədəniyyət və təhsillə bağlı bir çox ictimai və dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, proqram Beynəlxalq Mədəniyyətlərarası əməkdaşlıq çərçivəsində baş tutub. BMT-nin 2010-cu ili Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması ili elan etməsilə əlaqədar bu il "Rus muzeyi: virtual filial" layihəsi üzrə başlıca fəaliyyət Beynəlxalq Mədəni Müxtəliflik Gününə (21 may) həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsinin rəisi Fikrət Babayev çıxışında bildirib ki, Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması İli (2010) çərçivəsində Muzey Mərkəzində "Rus muzeyi: virtual filial" informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramı hazırlanıb: "Proqram qavrama və çətinlik səviyyəsinə görə iki hissəyə - gənclər və uşaq auditoriyasına bölünüb. Adı çəkilən layihənin reallaşdırılması ölkə ərazisində və onun hüdudlarında vahid mədəni-informasiya məkanının genişlənməsinə, o cümlədən xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".

Qeyd edək ki, YUNESKO-nun Moskva bürosu və o cümlədən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası son bir neçə il ərzində "Rus muzeyi: virtual filial" informasiya-maarifləndirici mərkəzində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və istifadəsinə maddi və mənəvi dəstək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə