Rasim Balayev: “Tərsinə çevrilmiş dünya” filminin premyerası həm İranda, həm də Azərbaycanda baş tutacaq”- AÇIQLAMA

Rasim Balayev: “Tərsinə çevrilmiş dünya” filminin premyerası həm İranda, həm də Azərbaycanda baş tutacaq”- AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunan "Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri bitib. Bu barədə SİA-ya filmdə rol alan xalq artisti Rasim Balayev açıqlamasında bildirib. O qeyd edib ki, filmin səsləndirmə işlərə artıq başa çatıb.

Onun sözlərinə görə, film detektiv janrdadır: "Burada Azərbaycan polisinin narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizəsi və Azərbaycan polisinin fədakarlığı, fəaliyyəti və üstəlik onların iranlı polislərlə birgə əməkdaşlığı göstərilir. Elə ona görə də ilk çəkilişlərimiz təxminən 20 gün İranda olub".

Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri İranın Ənzəli və Tehran şəhərlərində, sonra isə Azərbaycanın Gəncə şəhərində aparıldığını deyən R. Balayev: "Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. Filmin premyerası həm İranda, həm də Azərbaycanda baş tutacaq".

Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur. Detektiv janrında olan film Azərbaycanın qəhrəman polislərinə ithaf olunub.

"Tərsinə çevrilmiş dünya" filmi müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkilib. Baş rol iranlı Məhəmməd Rza Firutənəyə həvalə edilib", - deyə xalq artisti əlavə edib.

Məlumat üçün bildirək ki, filmdə həmçinin xalq artistləri Rasim Balayev və Fuad Poladov, əməkdar artistlər Fərhad İsrafilov, Azad Şükürov, Natella Kərimova, 8 yaşlı Asif Rəşid və başqaları da rol alıb.

Filmin icraçı prodüseri Adil Qulamov, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı isə Oqtay Rəcəbovdur.

Qeyd edək ki, bu ilin aprel ayından başlanılan "Tərsinə çevrilmiş dünya"nın premyerası gələn ilin əvvəllərində nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə