Sumqayıt Dövlət Dram Teatrı 50 yaşını qeyd edib FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrı 50 yaşını qeyd edib FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış olublar.

Təntənəli mərasim Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başlayıb. 1968-ci ildə hələ iyirmi yaşı tamam olmamış gənc Sumqayıt şəhərində mədəniyyət ocaqlarının tikilməsi, gənclərin dram dərnəklərinə həvəs göstərməsi, sənaye şəhərinin sürətlə böyüməsi əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün teatrın yaranmasını vacib amilə çevirib. Gənclik şəhərində teatrın yaradılması barədə respublika Nazirlər Sovetinin sərəncamına əsasən, mədəniyyət naziri Rauf Hacıyevin əmri ilə 1 avqust 1968-ci ildə fəaliyyətə başlayan sənət ocağına o dövrün tanınmış teatr xadimləri, cavan rejissorlar üz tutublar. Dövlət Gənclər Teatrı kimi işə başlayan kollektiv ilk tamaşanı 1969-cu il may ayında oynayır. Yeni teatr Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası ilə teatrsevərlərin görüşünə gəlib.

Respublikanın digər teatrları kimi, Sumqayıt teatrı da daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub, kirayənişin kimi məskunlaşdığı “Kimyaçı” Mədəniyyət sarayı isə Prezident İlham Əliyevin sərəncamı ilə teatrın balansına keçirilib, tikildiyi vaxtdan keçən 60 il ərzində ilk dəfə əsaslı təmir edilərək, yaradıcı kollektivin ixtiyarına verilib.

* * *

...Səhnəyə öz əcinnələri Məlixə, Səlixa, Zəlixa ilə birlikdə çıxan Dərviş Məstəli şah bayram məclisinə şən ovqat qatıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışına bu dəfə doğma teatrın səhnəsinə tamaşaçı kimi çıxmış kollektivə "Əziz teatr fədailəri" müraciətilə başlayıb. Nazir deyib ki, bu gün təkcə Sumqayıt üçün deyil, ölkənin mədəniyyət aləmi üçün böyük bayramdır: "Fəxr edirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış teatr insanları ilk addımlarını bu teatrın səhnəsində atıblar".

Sumqayıt teatrının tarixinin Ulu Öndər Heydər Əliyevin epoxasına təsadüf etdiyini vurğulayan nazir teatrın cəmiyyətin aparıcı qüvvəsi olduğunu, insanların mənəvi tərbiyəsində böyük rol oynadığını deyib.

Əbülfəs Qarayev çıxışının sonunda Sumqayıt teatrının kollektivi, ölkənin mədəniyyət ictimaiyyəti adından teatra göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. Nazir teatrın 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən fəxri ad və "Tərəqqi" medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi salamlayaraq, bütün sumqayıtlılar adından teatrın kollektivini təbrik edib, onlara sənət uğurları arzulayıb. O, Ölkə Başçısının təsdiqlədiyi regionların inkişaf proqramına əsasən Sumqayıtda da mühüm işlər görüldüyünü deyərək son illər şəhərdə inşa edilən, təmir-bərpa olunan mədəniyyət obyektləri və mədəni istirahət ocaqlarının adlarını çəkib. Yubilyar kollektivin Sumqayıtın ictimai həyatında, dövlət tədbirlərində fəal iştirak etdiyini, bir çox respublika və şəhər əhəmiyyətli tədbirlərin teatrın binasında keçirildiyini bildirən Z.Fərəcov teatrın bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov kollektiv üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb, kollektivin bir qrup üzvünə ittifaqın fəxri fərmanını təqdim edib.

Bu teatrda ilk tamaşaya quruluş vermiş Xalq artisti Cənnət Səlimova sözlə, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Gülüstan Əliyeva isə musiqi ilə Sumqayıt teatrını təbrik ediblər. Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Musiqili Teatrı isə öz təbriklərini dost zarafatı kimi çatdırıblar.

Maraqlı və şən ovqatlı yubiley tədbiri bütün kollektivin xor ifası ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə