Məxdumqulu Fəraqinin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib- FOTO

Bu gün M. F. Axundov adına Milli Kitabxanada TÜRKSOY tərəfindən nəşr edilən böyük türkmən şairi Məxdumqulu Fəraqinin "Seçilmiş əsərləri" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitab Ramiz Əsgər tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Tədbiri açıq elan edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, iki ölkə arasındakı dostluq əlaqələri daim inkişaf edir: "Kitabın Ramiz Əsgər tərəfindən Azərbaycan dilinə tərcümə olunması təqdirəlayiq haldır".

Təqdimatda iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında bildirib ki, TÜRKSOY türk mədəniyyətinin təməl əsərlərini nəşr, tədqiq və təbliğ etmək üçün müxtəlif seriyaları nəşr edərək bir sıra layihələr həyata keçirir: "Həmin silsilədən növbəti əsər isə ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi, dahi türkmən şairi və mütəfəkkiri Məxdimqulu Fəraqinin yaradıcılığına həsr edilib. Qədim, zəngin və köklü türk ədəbiyyatının Yusif Balasaqunlu, Əlişir Nəvai və bu kimi dühaların poetik irsini dərindən mənimsəyən və yaradıcılıqla inkişaf etdirən Məxdimqulu özündən sonrakı şairlərə də böyük təsir göstərib".

Kitabda böyük türkmən şair, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin seçilmiş əsərləri toplanıb. Kitab 31 mart- 4 aprel 2009-cu ildə İstanbulda TÜRKSOY tərəfindən təşkil olunan "Türk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünki durumu və qarşılaşan problemlər" mövzusunda beynəlxalq simpoziumun tövsiyyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilib.

Qeyd edək ki, kitab 1000 tirajla nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə