“Prezident Kuboku” uğrunda çövkən milli oyunu keçiriləcək

“Prezident Kuboku” uğrunda çövkən milli oyunu keçiriləcək

Dekabrın 18-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu tədbir xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, habelə gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır.

Dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimi olacaq. Artıq beşinci dəfə keçiriləcək bu oyunlarda 16 komandanın iştirakı gözlənilir. Komandalar həmçinin sür-papaq, papaq və atüstü güləş oyunları üzrə qüvvələrini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə