Xalidə Hasilovanın 90 illik yubileyi qeyd olunub

Xalidə Hasilovanın 90 illik yubileyi qeyd olunub
Bu gün M. F. Axundov adına Milli Kitabxanada yazıçı- dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir çox tanınmış ziyalılar iştirak edib.

Yubileydə əvvəlcə "Heydər Əliyev və qadınlar" adlı qısa film nümayiş olunub.

Daha sonra isə tədbiri kitabxananın direktoru Tahir Kərimov açaraq Xalidə Hasilovanın Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu və məhsuldar yaradıcılıq yolundan söz açaraq onun müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmasından danışıb.

Sonra isə T. Kərimov sözü Mədəniyyət və Turizm Nazirliyinin adından danışmaq üçün nazirliyin şöbə müdiri Vaqif Bəhmənliyə verib. O öz çıxışında X. Hasilova yaradıcılığında kiçik yaşlı uşaqlar üçün tərcümələrinin ədəbiyyatımızı zənginləşdirməsini xüsusi qeyd edib.

Tədbirin aparıcısı, tanınmış jurnalist Flora Xəlilzadə X.Hasilova yaradıcılığından danışmaq üçün sözü görkəmli ədiblər, jurnalistlər, yazıçını tanıyan mədəniyyət nümayəndələrinə verib.

Yubileydə xalq yazıçısı Anar, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Azəri Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və başqaları iştirak ediblər.

Tədbirdə həmçinin Xalidə Hasilova həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət geniş sərgi yubiley iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə