“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu”nun növbəti Assambleyası keçirilib

“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu”nun növbəti Assambleyası keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən YUNESKO konvensiyalarının monitorinqini aparan “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir və mütəmadi olaraq tərəfimizdən hazırlanan Milli Məruzə müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, 42 Avropa ölkəsinin iştirak etdiyi kompendium layihəsi çərçivəsində milli məruzələr aşağıdakı əsas istiqamətlər üzrə hazırlanır:

Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri;
Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri;
Səlahiyyət, qərarvermə və idarəetmə;
Mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr;
Mədəniyyət sahəsinin əsas hüquqi təminatları;
Mədəniyyətin maliyyələşdirilməsi;
Mədəniyyət infrastrukturunda dövlət müəssisələri;
Yaradıcılığın və iştirakın təşviqi və s.

1998-ci ildən etibarən artıq 20 ildir davam etdirilən və artıq Assosiasiya formatında fəaliyyət göstərən Kompendium layihəsinin növbəti Assambleyası cari ilin 9-11 oktyabr tarixində Xorvatiya Respublikasının Riyeka şəhərində təşkil olunur. Sözügedən görüşdə təqdimatları keçiriləcək Kompendium layihəsinin yeni idarəetmə sistemi və strukturunun müzakirə edilməsi məqsədilə Kompendium layihəsi üzrə Azərbaycanın milli müəllifi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli iştirak edir.

Qeyd etmək lazımdır ki, 4-5 dekabr 2008-ci il tarixində Bakı şəhərində "Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin iclası təşkil edilmişdir. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” və bu kimi digər innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində geniş istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə