Azərbaycanda ilk dəfə Xalq Mahnıları Festivalı keçirilir FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının layihəsi olan festival çərçivəsində ilk tədbir bu gün Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Elmi konfransla öz işinə başlayan festivalı Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru, festivalın bədii rəhbəri Ramil Qasımov açıq elan edib: "Azərbaycan Xalq Mahnıları Festivalını keçirməkdə məqsəd milli-mənəvi dəyərlərimizi çağdaş nəsilə bir daha təbliğ etməkdir. Eyni zamanda festival çərçivəsində Azərbaycan xalq mahnıları müxtəlif interpretasiyalarda Simfonik Orkestrin müşayiəti ilə, caz kompozisiyası ilə, xorun ifasında üçlüklə, ansamblla tamaşaçılara təqdim olunacaq. Zənnimcə bu festival ölkəmizin mədəni siyasi həyatında da mühüm rol oynayacaq. Bu gün bütün dünyada milli musiqimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun, məxsusi olaraq ölkəmizin l vitse-prezidenti xanım Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Azərbaycan mədəniyyətinin himayədarı olan Mehriban xanım Əliyevaya bütün musiqiçilər adından təşəkkürümüzü bildiririk. Düşünürəm ki, bu festival gələcəkdə də gənc ifaçılar üçün ənənələrin qorunmasına öz töhvəsini verəcək".

Festivalın önəmindən söz açan konfrans iştirakçıları illərlə qorunub saxlanılan xalq mahnılarının milli irsimizi, milli mənəvi zövqümüzün formalaşmasında da böyük xidmətləri olduğunu bildiriblər.

Bu gün baş tutan konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Xalq Mahnıları Festivalının keçirilməsini önəmli hadisə kimi qiymətləndirib, festival iştirakçılarına uğurlar diləyib. Konfransda Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi "Azərbaycan xalq mahnılarının arenjeman olunması", Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə "Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq mahnılarından istifadə məsələləri“, Milli Konservatoriyanın kafedra müdiri, xalq artisti Arif Babayev "Tədris prosesində xalq mahnılarının öyrədilməsi", AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Nailə Rəhimbəyli "AMEA-nın folklor institutunun folklor şöbəsində xalq mahnılarının işlənmə metodikası” mövzusunda çıxış ediblər.

Qeyd edək ki, oktyabrın 12-nə kimi keçiriləcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçılar da çıxış edəcək. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun, Azərbaycan Xor Kapellasının ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səsləndirilməsi nəzərdə tutulur. Festivalın sonuncu günü Əməkdar artist, vokalçı Ramil Qasımov xalq mahnılarının Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.

Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə