Qəbələnin EHTTA-ya üzv seçilməsi müzakirə olunub FOTOLAR

Qəbələnin EHTTA-ya üzv seçilməsi müzakirə olunub FOTOLAR

Xəbər verildiyi kimi, 03-05 oktyabr 2018-ci il tarixində İspaniya Krallığının Orense şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova iştirak edir. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Baş Assambleya “Tarixi və Termal ərazilərdən davamlı istifadənin mümkünlüyü” şüarı adı altında keçirilir və bir neçə panel bu istiqamətdə müzakirələrə həsr olunub.

İclasda Azərbaycanın maddi-mədəni irs və termal imkanları geniş olan Qəbələ şəhərinin 2019-cu ildə bu beynəlxalq təşkilata üzv seçilməsi ilə bağlı layihənin koordinatoru Günel Aslanova tərəfindən təqdimat keçirilib. Qeyd etmək lazımdır ki, EHTTA-nın üzv ölkələrinin və elmi komitənin nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində həm Qəbələ rayonunun termal infrastruktur imkanları, həm də “Qəbələ Dövlət Tarixi Bədii Qoruğu” haqqında geniş məlumat verilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi bu ilin may ayında Azərbaycana səfərini xatırladaraq, ölkəmizin inkişafı haqqında geniş məlumat verdi və Qəbələnin təqdimatının bəyənildiyini qeyd edib. Eyni zamanda üzvlük məsələsi elmi komitənin də üzvləri arasında müzakirə olunaraq təqdimat və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən rəsmi sənədlər yüksək qiymətləndirilib.

2019-cu ilin yanvar ayında Fransanın paytaxtı Parisdə keçiriləcək Baş Assambleyada Qəbələnin də EHTTA-ya üzvlüyə qəbul edilməsi nəzərdə tutulur.

Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı təşkilatın bərabərhüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə