Dövlət başçısının Sərəncamı ilə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsi beynəlxalq standartların tələblərinə uyğun qurulacaq
Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.
Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun və "Qobustan" Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.
"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Prezidentinin 3 oktyabr tarixli Sərəncamı görülən işlərin davamıdır. 1989-cu ildə yaradılmış "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən, qəsəbə təbii qazla təmin olunmuş, Basqal çayı üzərində yeni körpü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr qismən çay daşı ilə döşənmiş, bulaqlarda müəyyən bərpa işləri aparılmışdır. Sərəncamda qeyd olunur ki, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranmışdır.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bir ay müddətində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Eyni zamanda, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələri hazırlanacaq. Qoruğunun idarə edilməsi beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulacaq.
Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb və bu iş davam etməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB