IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib- FOTO

IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib- FOTO
Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak ediblər.

Festivalı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç açıb.

Əbülfəs Qarayev öz çıxışında bildirib ki, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir: "Festivalın Azərbaycan xalqının ümummilli lideri, M.Rostropoviçin əziz dostu Heydər Əliyevin xatirə günündə açılması heç də təsadüfi deyil. Bununla biz bu iki dahi şəxsiyyətin xatirəsini birlikdə yad etmək qərarına gəlmişik".

Nazir onu da qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu Beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir: "Yeddi gün davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Moskva solistləri" kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın opera mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər. İnanıram ki, konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Uşaq-Gənclər Simfonik Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları da maraqla qarşılanacaq".

Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç isə bildirib ki, əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq layihə daha genişmiqyaslıdır və əvvəlki festivalların zirvəsi olacaq: "Çünki builki festivala dünyanın ən məşhur musiqiçiləri qatılıb".

Bakını doğma şəhəri hesab etdiyini dilə gətirən O.Rostropoviç atasına, onun sənətinə göstərilən qayğı və ehtirama görə Azərbaycan xalqına, ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib, ecazkar musiqi dinləmək arzusunda olan bütün bakılıları və şəhərimizin qonaqlarını festival çərçivəsində keçiriləcək tədbirlərə dəvət edib.

Tədbir Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə açılıb. Bu orkestr ulu öndər Heydər Əliyev və M.Rostropoviçin birgə təşəbbüsü əsasında yaradılıb. Orkestrin dirijoru xalq artisti Teymur Göyçayevdir. Konsertsdə Azərbaycan və xarici ölkə bəsətəkarlarının əsərləri böyük maraqla qarşılanıb.

Filarmoniyanın foyesində M.Rostropoviçin ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotosərgi də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə