Arif Quliyev: “Ulu öndərin mədəniyyət sahəsinə qayğısı, diqqəti və humanistliyi olub”- AÇIQLAMA

Arif Quliyev: “Ulu öndərin mədəniyyət sahəsinə qayğısı, diqqəti və humanistliyi olub”- AÇIQLAMA
"Bütün sahələrdə olduğu kimi ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsindəki xidmətləri də əvəzolunmazdır". Bunu SİA-ya açıqlamasında Heydər Əliyevlə bağlı təəssüratlarını danışan tanınmış yumor ustası, xalq artisti Arif Quliyev bildirib.

"Ulu öndərin mədəniyyət sahəsinə qayğısı, diqqəti və humanistliyi olub. Heydər Əliyev bizim hər birimizlə görüşəndə çox səmimi şəkildə rəftar edirdi. Ulu öndər hərtərəfli biliyə sahib olan şəxsiyyət idi. Dahi şəxsiyyət rəssamla rəssam, mühəndislə mühəndis, aktyorla aktyor dilində danışırdı. Heydər Əliyevi işinin başlanğıcından sonuna kimi öz fədaisi və bilicisi kimi tanıyıram. Biz ümummilli liderlə həm Naxçıvanda Ali sovetin sədri olanda, həm də Bakıda dəfələrlə görüşüb söhbət etmişik. Bununla yanaşı, kimsəsiz uşaqlara həsr olunan verilişlərdə daha çox görüşürdük",- deyə aktyor əlavə edib.

Dahi şəxsiyyətin incəsənətə böyük maraq göstərdiyini bildirən xalq artisti qeyd edib ki, Heydər Əliyevin əvvəllər dram dərnəyi olub. "Həmin dərnəkdəki müəllimlər ulu öndərin teatra olan marağını daha da artırıblar. Ulu öndər tamaşalara gəlib baxmağı çox sevər və onu da təhlil edərdi. Hər bir aktyorun oyun xüsusiyyətlərini, macəralarını və ifaçılıq qabiliyyətini dərindən analiz etməyi bacarırdı. Ümummilli lider özünüdərki insana çatdıra bilirdi".

"Mən Heydər Əliyevin zamanında xalq artisti adını almışam. Hazırda dahi şəxsiyyətin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə də layiq görüldüm. Bir çox mükafatlarımı şəxsən Heydər Əliyevin əlindən aldığıma görə çox xoşbəxtəm. Ulu öndərimizin mədəniyyət işçilərinə verdiyi tövsiyyələri hər zaman sənətimizdə lazımi şəkildə tətbiq edirik",- deyə Arif Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə