Respublika Gənclər Kitabxanası sərgi təşkil edib FOTOLAR

Respublika Gənclər Kitabxanası sərgi təşkil edib FOTOLAR

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 21 sentyabr 2018-ci il tarixində kitabxananın 90 illiyi münasibəti ilə “Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları-Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində Yasamal rayonu Mikayıl Müşfiq adına bağda kitab sərgisi təşkil edib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan və rus dillərində beş yüzə yaxın müxtəlif sahələri əhatə edən ədəbiyyatlar nümayiş etdirilib.

Sözügedən ədəbiyyatlar “Bədii Ədəbiyyat”, “İctimai-Siyasi Ədəbiyyat”, “Elm”, “İnformatika”, “İncəsənət”, “Xarici Ədəbiyyat”, “Uşaq Ədəbiyyatı” adları altında oxuculara təqdim olunub.

Həmçinin, sərgidə “İnformasiya Daşıyıcıları” adı altında Azərbaycan və rus dillərində disklərə də xüsusi yer ayrılıb. Açıq havada gün ərzində davam edən kitab sərgisi yüzlərlə oxucunun, ədəbiyyatsevərlərin marağını, diqqətini cəlb edib. Sərgiyə baxışda gənclər, tələbələr olub.

Kitab sərgisinin nümayişində Yasamal rayon İcra Hakimiyyətinin nümayədənləri iştirak edib. Eyni zamanda kitabxananın əməkdaşları oxucuların diqqətini çəkən kitablar barədə ətraflı məlumat verib və onları kitabxanaya üzv olaraq kitab fondundan istifadəyə dəvət ediblər.

Belə ki, kitab sərgisinin nümayişi zamanı onlarla oxucu kitabxanaya üzv olub. Həmçinin sərgidə iştirak edənlərə kitabxana tərəfindən ədəbiyyatın müxtəlif sahələrinə dair kitablar hədiyyə olaraq verilib.

Qeyd edək ki, bu kimi kitab sərgiləri mütəmadi olaraq davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə