Avropa Film Festivalının təntənəli açılış mərasimi olacaq

Avropa Film Festivalının təntənəli açılış mərasimi olacaq
Bu gün Bakıda Avropa Film Festivalının təntənəli açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, festivalın açılışı Landmark Biznes Mərkəzində baş tutacaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirlikləri ilə birgə Bakıda Avropa Film Festivalının keçirilməsini planlaşdırıb.

Festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.

Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcək (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya).

Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur.

Bütün xəbərlər Facebook səhifəmizdə