Bakıda IV Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda IV Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək
Dekabrın 12-də Bakıda IV Beynəlxalq Rostropoviç Festivalı start götürəcək. Bunu SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib.

Festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək. Festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Moskva solistləri" kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər.

Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Rostropoviçlər ev muzeyi festivalla əlaqədar Bakıya gələn qonaqları qarşılamağa hazır vəziyyətdədir.

Konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı, Azərbaycanın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Uşaq-Gənclər Simfonik Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, festivalın təntənəli açılış mərasimi Azərbaycan Dövlət Filarmoniaysında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə