Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib- FOTO

Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib- FOTO

Bu gün Aktyor Evində Milli Teatr Festivalının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, mənəiyyət sahəsində çox yadda qalan parlaq, dünya səviyyəsində əsası qoyulan hadisələr bizə əsas verir ki, il ərzində həyata keçirilən festival proqramlarına nəzər salaq: "Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib, festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masalar keçirilib. Festival üç mərhələdə fəaliyyət göstərib. I mərhələ 2010-cu ilin fevral-mart aylarında, II mərhələ aprel-iyun aylarında, III - sonuncu mərhələ isə oktyabr-dekabr aylarında davam edib".

Ə. Vəliyev onu da vurğulayıb ki, festival Prezidentin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncama əsasən Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub. Bu proqramın müəyyən bəndlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2010-cu ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalı keçirilib. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edib, tamaşalar respublikanın müxtəlif teatrlarının səhnəsində oynanılıb".

Ədalət Vəliyev həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezident İlham Əliyevin də mədəniyyət sahəsində gördüyü xidmətləri əvəzsizdir. Son 5 il ərzində mədəniyyət sahəsində demək olar ki, inqilab baş verib: "Bir il ərzində dövlət sifarişi ilə 27 teatrda 68 tamaşa qoyulub. İlin sonuna qədər bu rəqəm 75-ə çatacaq: "Güman edirik ki, gələn il 100 tamaşa səhnəyə qoyulacaq. Düzdür, bu tamaşaların heç də hamısı uğurlu deyil. Amma unutmayaq ki, dünyanın ən inkişaf etmiş ölkələrinin teatrlarında da qoyulan tamaşaların hamısı uğurlu olmur".

Nazir müavini: "Bu yaxınlarda rejissorların əmək haqqı sistemindən çıxarılıb, qonorar sisteminə keçirilməsi işinə başlayacağıq".

Mərasimdən sonra Akademik Milli Dram Teatrında səhnələşdirilən M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə