Sentyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “De/konstruksiya” müzakirələri çərçivəsində gənc rəssam Zərri Muxtarlının iştirakı ilə müzakirə keçiriləcək.
SİA-nın məlumatına görə, Zərri Muxtarlı tədbir zamanı illüstrasiyalarını, həmçinin ictimai məkanlarda çəkdiyi qrafiti əsərlərini təqdim edəcək. Onun sərt üslubda yaratdığı çox koloritli əsərləri aydın formalarla və dekorativ ornamentlərlə zəngindir. İlk baxışda əyləncəli, şən görünən işlər özündə cəmiyyət, urbanizasiya, gender və mədəniyyətə aid sualları vurğulayır.
1992-ci ildə Kəlbəcər rayonunda dünyaya gələn rəssam uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb. Linqvistika üzrə təhsil alan Z.Muxtarlı 2012-ci ildə yaradıcılığa başlayaraq bir çox illüstrasiyalar və strit-art işləri yaradıb. Rusiyada Azərbaycan diasporunun üzvü olan gənc rəssamı qarışıqlı mədəniyyət məsələləri, dil, feminizm və şəhər mühitinin qavrayışı mövzuları maraqlandırır. O, Sankt-Peterburq şəhərində bir sıra sərgilərdə iştirak edib.
“De/konstruksiya” –“Artım”da sərgilərin montaj və demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB