Sabit Rəhmanın 100 illik yubileyi qeyd edilib- FOTO

Sabit Rəhmanın 100 illik yubileyi qeyd edilib- FOTO
Bu gün M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə komediya janrının görkəmli nümayəndələrindən biri Sabit Rəhmanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənəhova, kinoşünas Aydın Kazımzadə, S. Rəhmanın nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova və başqaları işturak ediblər.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Sabit Rəhman yaradıcılığından söz açıb, onun dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" və bir sıra musiqili komediyaların ssenarilərinin, "Yeddi gözəl" baletinin isə librettosunun müəllifi olduğunu qeyd edib.

Daha sonra isə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev öz çıxışında bildirib ki, dramaturq komediya janrının ustadıdır və yazıçı- dramaturq kimi əvəzsiz xidmətləri olub. Ə. Vəliyev həmçinin B. Əhmədovun qələmə aldığı "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" kitabı haqqında da ətraflı danışıb.

Xalq artisti Amaliya Pənahova vurğulayıb ki, Sabit Rəhmanın səhnə əsərlərində cəmiyyətə yad olan hər cür tiplər və naqisliklər gülüş hədəfinə çevrilərək kəskin tənqid atəşinə tutulub. Uzun illər teatrlarımızın səhnəsindən düşməyən onun əsərləri indi də tamaşaçı marağını və diqqətini çəkməkdədir.

Yubileydə çıxış edən xalq artisti İlham Namiq Kamal bildirib ki, Azərbaycan sovet komediyasının yaranması və yüksəlişi Sabit Rəhmanın adı və fəaliyyəti ilə bağlıdır: "O, XX əsr Azərbaycan ədəbiyyatında yeganə yazıçıdır ki, özünün dramaturji yaradıcılığını tamamilə komediya janrına həsr edib. Sabit Rəhmanın komediyalarından söhbət açmaq müəyyən mənada elə Azərbaycan sovet ədəbiyyatında komediya janrının təşəkkül və təkamülündən bəhs etməkdir".

Yubiley tədbiri ilə yanaşı Bədirxan Əhmədovun "Sabit Rəhman 100. Bibloqrafiya" kitablarının da təqdimat mərasimi keçirilib.

Tədbirin sonunda Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən və özünün həyat və yaradıcılığını əks etdirən kitablardan geniş sərgi tədbir iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə