Jerar Depardye Azərbaycan teatrında
Dekabrın 13-də, saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasında teatrsevərləri maraqlı sürpriz gözləyir. Belə ki, tamaşadan əvvəl dünyada tanınmış fransız aktyoru Jerar Depardye teatrın səhnəsində çıxış edərək Prospera Morimenin "Karmen" novellasından seçilən hissələri səsləndirəcək.

Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Məlumata görə, həmin gün J.Bizenin "Karmen" tamaşası Qalina Vişnyovskayanın Opera mərkəzinin solistlərinin iştirakıyla Rastropoviç adına IV Beynəlxalq Festival çərçivəsində təqdim olunacaq.

Əsas partiyaları məşhur müğənnilər, vokalistlərin beynəlxalq müsabiqələrinin laureatları Alina Şakirova (Karmen partiyası), Oleq Dolqov (Xoze partiyası), Anastasiya Privoznova (Mikaella partiyası), həmçinin həmyerlimiz, Rusiyanın Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilio partiyası) ifa edəcək. Operanın dirijoru məşhur Rusiya dirijoru Yaroslav Tkalenko olacaq. Tamaşanın quruluşçu-rejissoru İvan Popovskiydir.

Bütün xəbərlər Facebook səhifəmizdə